Dünya 17:33 15.08.2022

Mən ukraynalıları edam edirdim… - Rus əsgərin “Vajnıye istorii”yə etirafları (VİDEO)

"Vajnıye istorii” fevralın sonundan aprelə qədər Rusiya hərbi işğalı altında olan Kiyev vilayətinin Andreyevka kəndində yerli sakinlərin qətlində iştirak edən rus əsgərlərinin adlarını müəyyən edib.
 
Eyni zamanda hərbçilərdən biri jurnalistlə söhbəti zamanı törətdiyi cinayətləri etiraf edib.

Geri çəkilən rus hərbçiləri kənddə təkcə yüzlərlə qarət edilmiş evi deyil, həm də yerli sakinin oğurlanmış telefonu ilə çəkilmiş 25 fotoşəkli qoyub gediblər. Məhz onlar hərbçilərin şəxsiyyətlərini müəyyən etməyə kömək ediblər. Nəşrin məlumatına görə, onların adları Daniil Frolkin, Dmitri Danilov, Ruslan Qlotov, İvan Şelepenkodur.

Onlardan biri Daniil Frolkin "Vajnıye istorii”yə ətraflı müsahibə verib və izah edib ki, o, uzunsürən ezamiyyətlərdən sonra ön cəbhədə döyüşmək üçün geri göndərmək istəyən "uşaqlar” naminə həqiqəti deyir: 

"Uşaqlarımız sağ qalacaq, sırf mənə görə onları oradan çıxarılacaqlar. 200-300 nəfərin həyatını məhv etməkdənsə, bir həyatı məhv etmək daha yaxşıdır”.

Jurnalistlə ilk söhbətində Frolkin rus hərbçilərinin talançılıqla məşğul olduğunu təsdiqləyib. Onun sözlərinə görə, komandirin maddi-texniki təminat üzrə müavini polkovnik Vyaçeslav Klobukov bunda xüsusilə fərqlənib: "O, mağazalarda soyuducuları dağıdıb. Sonra idman ayaqqabıları, hər cür paltarları olan mağazalar tapıb, bunların hamısını çıxarıb aparıb. Yük maşınları çıxarıb. Belarusa gələndə bu iki yük maşınını gördüm”.

Bunun ardınca rəsmi bəyanat səsləndirib:

"Mən, 51460 saylı hərbi hissənin baş əsgəri Frolkin Daniil Andreyeviç, Andreevkada törətdiyim bütün cinayətləri, ö cümlədən dinc əhalini güllələməyi, dinc əhalini qarət etməyi, telefonlarını müsadirə etməyi etiraf edirəm. Komandirlərimiz döyüşçülərimizi, ön cəbhədə vuruşan bütün piyadaları insan yerinə qoymurlar. Və bundan sonra aşağıdakıları demək istəyirəm: komandirləri - polkovnik Omurbekov Azatbek Asanbekoviç, polkovnik-leytenant Dmitrenko, briqada komandirin maddi-texniki təminat üzrə müavini polkovnik Vyaçeslav Klobukov və kəşfiyyat rəisi polkovnik-leytenant Romanenko barəsində tədbirlər görülsün. O, çox pis kəşfiyyat aparıb və insanlarımızı ölümə göndərib. Həmçinin briqada komandirinin müavini polkovnik-leytenant Prokurat dins insanların güllələnməsinə əmr verib”.
Frolkin bildirib ki, briqadanın komandirləti "əsgərləri adam yerinə qiymur”. Onun sözlərinə görə, polkovnik Azatbek Omurbekov komandanlığa briqadanın mövcud olmayan uğurları barədə yalan məlumat ötürüb. Andreyevkanın işğalı boyunca, əsgərin dediyinə görə, komandir qərargahın yerləşdiyi "məktəbin zirzəmisində oturub".

Jurnalistdən Frolkinin "mülki əhalinin edam edilməsi” haqqında danışarkən nəyi nəzərdə tutduğunu aydınlaşdırmağı xahiş etdikdə, hərbçi etiraf edib ki, mart ayında komandirlər ondan və bir neçə sıravi əsgərdən üç sakinin evlərində axtarış aparmaq üçün onları müşayiət etməyi xahiş ediblər. Bundan sonra sakinləri güllələməyi əmr ediblər. 

Frolkin onlardan birini öldürüb, o əmindir ki, öldürdüyü adam rus ordusunun hərbçilərinin koordinatlarını verib:

"Mən ona deyirəm: "İrəli get”. O, irəli gedir. Mən ona deyirəm: "Diz üstə". Və sadəcə başından bir güllə vurdum. Sonra uzun müddət məni titrəmə tutdu. Mən bir nəfəri öldürmüşəm, amma mümkün qədər çox insanı xilas etmək istədim”.

Nizami Bağırov