Dünya 13:53 22.07.2022

Mİ6: Ukraynaya hücumdan sonra Avropadakı rus casusların yarısı qovulub

Ukraynada müharibə başlayandan bəri Avropada diplomatik pərdə altında fəaliyyət göstərən rus casuslarının yarısı qovulub.

Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə Britaniya xarici kəşfiyyat idarəsi Mİ6-nın rəhbəri deyib.

Britaniya xarici kəşfiyyatının rəhbəri Riçard Mur bildirib ki, Fransa və Almaniya da daxil olmaqla, Avropa ölkələrindən 400-ə yaxın rusiyalı diplomatın qovulması Kremlin casusluq imkanlarını kəskin şəkildə azaldıb.

O, Aspen təhlükəsizlik konfransında Qərb kəşfiyyat agentliklərinin işğaldan sonra Rusiyanın casus şəbəkələrini dağıtmaq üçün "yaxşı əlaqələndirilmiş” səylər göstərdiyini deyib.

"Beləliklə, bütün Avropada diplomatik pərdə altında fəaliyyət göstərən 400 rus kəşfiyyatçısı qitədən çıxarılıb. Bu, yəqin ki, onların Avropada Rusiya üçün casusluq etmək imkanlarını yarıbayarı azaldıb", - Mur deyib. 

Almaniya apreldə 40, Fransa isə 41 rus diplomatını ölkədən qovub. Britaniya casusluqda ittiham olunan heç bir diplomatı ölkədən çıxarmayan nadir ölkələrdən biridir, buna səbəb isə Böyük Britaniyanın 2018-ci ildə Solsberidəki zəhərlənmədən sonra onlardan 23-nə ölkəni tərk etmək əmri verməsidir. Ancaq onlardan heç birinin çıxarıldığı güman edilmir. 

Mur Ukraynadakı müharibənin Kiyev üçün qələbə ilə bitəcəyinə inandığını və müharibənin havalar dəyişməzdən əvvəl kritik mərhələyə girəcəyini bildirib. O, Rusiyanın gələn bir neçə həftə ərzində ehtiyat qüvvə və material tədarükünün getdikcə çətinləşəcəyini deyib. 

Kəşfiyyat rəhbəri Qərb silahlarının sayının artması ilə Ukraynanın qarşıdakı həftələrdə əks-hücuma cəhd edəcəyinə də eyham vurub.

"Düşünürəm ki, ukraynalıların özləri üçün onların cavab zərbələri endirmək qabiliyyətini nümayiş etdirmələri vacibdir”,- o deyib. 

Nurlan Hüseynov