İdman 11:55 02.09.2022

Millimizin baş məşqçisi: “Uşaqları ancaq fiziki cəhətdən "yükləsəm”, camaat deməz ki, ayıbdır?"

U-18 millimizin təlim-məşq toplanışı başa çatıb. Hazırlıq çərçivəsində futbolçularımız türkiyəli həmkarları ilə iki yoldaşlıq görüşü keçirib. İlk matçda 0:1 hesabı ilə rəqibinə məğlub olan komandamız, ikinci görüşdə heç-heçə oynayıb - 0:0. Yığmanın baş məşqçisi Aqil Nəbiyev həm hazırlıqdan, həm də yoldaşlıq görüşlərindən danışıb. 

Mütəxəssis Qaynarinfo-ya açıqlamasında qarşıdakı planları dilə gətirib, eyni zamanda haqsız tənqidlərlə üzləşdiyini bildirib:

"Deyirlər ki, guya türklərlə oyunda bizmkilərin fiziki durumu çox aşağı idi. Futbolçularımız ləhləyir, Aqil Nəbiyev isə əvəzləmə etmir. Başım çıxmır, əvəzləmənin buna nə dəxli var? Lap əvəzləmə etmirəm. Deyirlər ki, beynəlxalq yoldaşlıq görüşündə hamı oynamalıdır. Bu, hansı qanunda yazılıb? Həmin oyunda 3 deyil, 4 əvəzləmə etmişəm. İlk oyunda 9 əvəzləmə etmişdim. İkinci oyunun 65-ci dəqiqəsindən sonra futbolçularımızdan biri qırmızı vərəqə görmüşdü. Ondan sonra 4 əvəzləmə etdim. Hansı mövqeyə lazımdırsa, oyunçu buraxmışam. Mənim məşqçi, uşaqların isə fubolçu kimi inkişafı üçün bilməliyəm ki, məsələn, 10 nəfərlə qalanda neyləmək lazımdır. Mən 3-4 gün ərzində uşaqlara ancaq öz taktikamı öyrədə bilərəm. Daha sonra meydana çıxmalıdırlar. Mən uşaqları ancaq fiziki cəhətdən "yükləsəm”, camaat deməz ki, ayıbdır?”.

Nəbiyev Türkiyə millisi ilə yoldaşlıq oyununa görə haqsız şəkildə tənqid olunduğunu vurğulayıb:

"Heç maraqlanan yoxdur, futbolçularımız haradadır? Mənim əsas heyətimin 10 futbolçusu yoxdur. 6 nəfər xaricə getmişdi. "Neftçi”nin əsas heyətindəki Rüfət Abbasov kapitanımdı. Onların heyətində zədəlilər olduğu üçün xahş etmişdilər ki, milliyə çağırmayım. Almaniyadakı futbolçum Ceyhun, Rusiyada oynayan Əsədlə Nahid yox idi. Bununla belə oynadıq. Söhbət nəticədən getmir. 80-ci dəqiqədə Kamran Əliyev qapımıza haqsız penalti təyin etdi. Yenə də komandamdan narazı qalmadım. Yeni uşaqlar gördük, baxışa dəvət etdik. Təbii ki, komanda həm fiziki, həm də oyun praktikası baxımından tam hazır deyil, çünki U-19 liqası yeni başlayıb. Fiziki duruma isə mən cavabdeh deyiləm. Ayın 23-ü yığışmışıq, 8 gün ərzində iki oyun keçirmişik. Bunu da nəzərə almaq lazımdır. Futbolçuları "yükləyə” bilmərəm axı”.

Veteran futbolçu qarşıdakı planlardan da danışıb. O, bu il yoldaşlıq görüşləri planlaşdırdıqlarını, yarışların isə gələn ildən başlayacağını söyləyib: 

"Oktyabrda toplanışımız olacaq. Bilirsiniz ki, bizim futbolçuların beynəlxalq təcrübəsi yoxdur. Keçən il Avropa çempionatında oynamalı idik, pandemiyaya görə alınmadı. Ümumi götürsək, 2 il ərzində üst-üstə 4 yoldaşlıq matçı keçirmişik. Gürcüstan, Bosniya və Hersoqovina, iki dəfə də Türkiyə millisinə qarşı oynamışıq. Əslində isə bu oyunların sayı 20-yə yaxın olmalı idi. Hazırda rəqib axtarılır ki, oktyabrda yoldaşlıq matçı keçirək. Yəqin ki, yaxın vaxtlarda məsələ həllini tapacaq. Əslində, planımız hazırdı, sadəcə, yoldaşlıq matçının vaxtı dəqiqləşməyib. Beynəlxalq yarış isə gələn il olacaq. Uşaq toplamaq baxımından sıxıntılar var, amma çalışıb ən yaxşısını etməliyik”.

Səbuhi Həsənov