Siyasət 11:59 15.10.2022

Müəllimlərin işə qəbulu: Problemdən çıxış yolu varmı? (ŞƏRH)

Milli Məclisin deputatı Siyavuş Novruzov müəllimlik ixtisasını bitirənlər üçün işə qəbul zamanı əlavə imtahanların ləğvini tələb edib. Deputat dövlət ali təhsil müəssisəsini qırmızı diplomla bitirən müəllimin işə qəbul üçün yenidən imtahandan keçdiyini xatırladıb. O bildirib ki, onsuz da həmin şəxs ali təhsil aldığı müddətdə kifayət qədər biliyə sahiblənib:"Hər il qanunvericilikdə dəyişiklik edilir, dərsliklər yenilənir. Nəzərə almaq lazımdır ki, ölkədə 200 minə yaxın müəllim var. Ali məktəbi bitirən kimi iş tapmaqdan ötrü gərək həmin şəxs yenə test imtahanından keçsin. Başqa qurumlar da imtahan təcrübəsini tətbiq edir. Xaricdə diplomu təqdim edib iş tapa bilməyən şəxs Harvardı belə məhkəməyə verir. Universitet tələbədən oxuduğu 4 il müddətində təhsil haqqını alıb, amma lazımi biliyi verməyib? Bəs elədirsə niyə onda diplom verirlər? Hər yerdə müəllimin qədri bilinməlidir. Qanunvericilikdə təkmilləşdirmə aparılmalıdır ki, insanların rahatlığını təmin edək”.
 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi müəllimlərin işə qəbul üzrə imtahanların keçirilməsini günün tələbi kimi dəyərləndirdi. Onun fikrincə, bu addım işə qəbulda qeyri-şəffaflığın aradan qaldırılması üçün vacibdir: "Müəllimlərin işə qəbulu zamanı əlavə imtahanların ləğvini istəyiriksə, təhsilin keyfiyyət göstəricisini o qədər yüksəltməliyik ki, bu sahəyə olan inamsızlıq aradan qalxsın. Bu isə konkret olaraq şəffaflıq qorunduğu halda mümkündür. Azərbaycan mühitində isə şəffaflığın olması ehtimalı aşağı səviyyədədir. Belə vəziyyət isə prosesə ciddi nəzarət mexanizminin olmasını tələb edir. Amma Azərbaycanda bunu həyata keçirmək mümkün deyil. Hazırkı cəmiyyətdə ali təhsil müəssisəsini bitirənlər istisna hallarda birbaşa harasa təyin oluna bilər. Qalan digər hallarda isə mütləq onun bilik və bacarığı yoxlanılmalıdır. Müəllimlərin işə qəbulu olduqca strateji məqamdır. Çünki hər kəsi müəllim olaraq işə təyin etmək mümkün deyil. Ona görə də konkret olaraq korrupsiyanın qarşısını almaq üçün işə qəbul zamanı müvafiq müsabiqə keçirilməlidir. Ona görə keçirilməlidir ki, proses şəffaf həyata keçirilsin, hansısa mənfi üsullarla işə qəbul prosesinin qarşısı alınsın. Müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsinə qədər işə qəbul olunanların 90 faizi qeyri-şəffaf yolla buna nail olurdusa, həmin prosesdən sonra isə 90 faizi öz bilik və bacarığı əsasında qəbul olunurlar. Bir sözlə, müəllimlərin işə qəbulu üzrə imtahanlar əvvəlki dövrə nisbətən daha şəffaf bir mexanizmin olduğunun təsdiqidir. Sertifikasiya ona görə keçirilir ki, Azərbaycan cəmiyyətində ortalığa kifayət qədər istisaslı kadrlar çıxsın. Xarici ölkələrdə də bu sistemdən istifadə olunur. ABŞ, Fransa, Niderland, Belçikada da müəllimlərin bilik və bacarığı müxtəlif qiymətləndirmə meyarları əsasında yoxlanılır”. 

Rüfət Sultan