Dünya 18:22 16.06.2022

NATO ölkələrinin müdafiə nazirləri Ukrayna üçün toplandı

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya yardımı müzakirə etmək üçün bu gün Brüsseldə bir araya gəlib.
 
Qaunarinfo bu barədə TRT-yə istinadən xəbər verir.

NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Brüsseldəki mənzil-qərargahında keçirilən müdafiə nazirlərinin toplantısına sədrlik edib. Toplantıda Türkiyəni milli müdafiə naziri Hulusi Akar təmsil edir.

Məlumata görə, iclasda Ukraynanın ehtiyac duyduğu hərbi yardım, hansı ölkənin hansı yardımı edəcəyi və yardımın necə göndəriləcəyi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Nazirlər həmçinin 28-30 iyun tarixlərində keçiriləcək Madrid Sammitinə hazırlığı qiymətləndirəcəklər.

Stoltenberq ABŞ müdafiə naziri Lloyd Austin ilə görüşdən əvvəl verdiyi açıqlamada NATO-nun Ukraynaya uzunmüddətli dəstəyinin davam edəcəyini və ABŞ-ın dünən açıqladığı 1 milyard dollarlıq əlavə yardımı məmnuniyyətlə qarşıladığını deyib.

Madrid Sammitində Ukraynaya hərtərəfli hərbi yardım paketi ilə bağlı konsensus gözlədiyini vurğulayan Stoltenberq Asiya-Sakit Okean tərəfdaşları - Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya, eləcə də İsveç və Finlandiya liderlərinin NATO üzvlüyü məsələsinin müzakirə olunacağını bildirib.

M.Arif