Siyasət 16:31 13.06.2022

NATO Türkiyəni qurban vermək niyyətində deyil - Zərdüşt Əlizadə

NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın Naantali şəhərində bu ölkənin Prezidenti Sauli Niinisto ilə birgə mətbuat konfransında çıxışı zamanı Helsinski və Stokholmun quruma üzvlük məsələsinə toxunub. Baş katib bildirib ki, Türkiyəmnin sözügedən iki ölkənin Alyansa qoşulmasına qarşı çıxmasını əsaslı hesab edir.

Xatırladaq ki, Türkiyə Finlandiya və İsveçin ona qarşı silah embarqosu tətbiq etməsi və Ankaranın terrorçu kimi tanıdığı şəxslərin bu ölkələrdə qorunmasını əsas gətirərək, onların NATO-ya üzvlüyünə etiraz edib.

Y. Stoltenberq Türkiyənin Qara dənizdə Avropa ilə Yaxın Şərq arasında strateji mövqeyinə görə NATO-nun əsas müttəfiqi olduğunu deyib. O, Rusiya işğalından sonra Ankaranın Ukraynaya verdiyi dəstəyi də vurğulayıb: "Bunlar haqlı narahatlıqlardır. Söhbət terrordan gedir, silah ixracından gedir”.

Stoltenberq və Niinistö Türkiyə ilə müzakirələrin davam etdiriləcəyini bildirsələr də, danışıqlarda irəliləyiş barədə məlumat verməyiblər. "Biz yadda saxlamalı və başa düşməliyik ki, heç bir NATO üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”, Stoltenberq bildirib. 

O, deyib ki, NATO-nun iyunun sonunda Madriddə keçiriləcək toplantısı Finlandiya və İsveçin hərbi alyansa üzv olması üçün son tarix deyil.

Qeyd edək ki, Stoltenberqin Ankaranın haqlı olduğunu dilə gətirməsi ilk dəfə deyil. Türkiyənin bu istiqamətdə verdiyi ilk açıqlamalarından üzü bəri Stoltenberq hər dəfə məsələyə toxunanda, Ankaranı dəstəklərən açıqlamalar verib. İndi isə bu fikrini, bir daha, özü də Finlandiya prezidentilə görüşündə bəyan edib. Bu o deməkdir ki, NATO iki yeni üzvə görə, Türkiyə kimi böyük hərbi gücə malik ölkəni qurban vermək niyyətində deyil. Proses onu diqtə edir ki, Stokholm və Helsinski Şimali Avroatlantika blokuna üzv olmaqda israrlıdırsa, onda Ankaranın tələblərinə müsbət yanaşmalıdır. Əks halda, onların quruma üzvlüyü məsələsi ümumiyyətlə reallaşa bilməz. 

Yaranmış vəziyyətdə Finlandiya və İsveç hansı mövqe tutucaq? Məsələ ilə balı Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, belə vəziyyətdə İsveç və Finlandiya öz daxili qanunlarını dəyişməlidir: 

"Türkiyə ortaya qoyduğu çoxsaylı dəlil və sübutlar əsasında belə bir qərar verib. Terrorçular, Türkiyə ədliyyə sistemindən qaçanlar İsveç və Finlandiya kimi ölkələrdə özlərinə sığınacaq tapırlar. Belələri insan haqlarını əllərində bayraq edib, öz çirkin əməllərini davam etdirirlər. Onlar Türkiyənin təhlükəsizliyinə təhdid törədirlər. NATO üzvlərinin dövlət təhlükəsizliyini təmin edən dövlətlərin birliyidir. Bu iradlara qarşı tərəf hər hansı bir əks irad tapılmır. Ona görə də Stoltenberq Türkiyənin haqlı olduğunu deyir. Finlandiya və İsveç NATO-ya üzv olmaq istəyirsə, daxili qanunlarını, öz hüquq prinsiplərini dəyişməli və Türkiyənin təhlükəsizliyinə təhlükə törədənləri himayə etməkdən əl çəkməlidir”. 

Politoloqa görə, Finlandiya və İsveç tərəfindən Türkiyənin tələblərini icra etmək mürəkkəb məsələdir. Bu da həmsöhbətimizin fikrincə, həmin dövlətlərdə təqib olunan, sığınacaq istəyən insanlara qucaq açmaq kimi onillər ərzində təşəkkül tapan ənənə ilə bağlıdır: 

"Bu ənənədən xilas olmaq üçün onlar separatçılar, terror əməliyyatı törədənlərə qucaq açmayacaqları ilə bağlı geniş ictimai müzakirələrə başlamalıdırlar. Bundan sonra məsələni qanun səviyyəsində həll etməlidirlər. Yəni demokratik dəyərlərə sahib bu iki ölkə ictimai müzakirə aparmadan, xalqın rəyini soruşmadan, parlamentdə geniş debat aparmadan öz daxili qanunlarını NATO və ya Türkiyənin tələbilə bir anda dəyişə bilməz”. 

Rüfət Sultan