Dünya 10:50 11.06.2022

NATO və Aİ-nin Şərqi Avropa strategiyasına ehtiyacı var - Cudi Dempsiin təhlili

Cudi Dempsi
Karnegi Avropa Mərkəzinin baş elmi işçisi və "Strateji Avropa” bloqunun baş redaktoru

Rusiyanın Ukraynaya qarşı müharibəsinin təsirini qiymətləndirməmək olmaz. Finlandiya və İsveçin NATO-ya daxil olması qərarı ABŞ-ın ilk skripkada oynadığı hərbi alyansın siyasi və strateji xarakterini dəyişir. Finlandiya və İsveç neytrallıqdan imtina etməklə NATO-nun profilini dəyişirlər. Şimali Avropa artıq təhlükəsizlik vakuumu deyil. Rusiyanın Ukraynaya qarşı müharibəsi bu ölkələri təhlükə qarşısında qoyub. NATO-ya qoşulduqdan sonra ittifaq hücum zamanı onların hər ikisini qoruyacaq.

Çox vaxt strateji və hərbi oyunçu kimi qiymətləndirilməyən qonşu Danimarka Aİ-nin Ümumi təhlükəsizlik və müdafiə siyasətini tətbiq etməkdən imtinasına son qoymaq üçün səs verib. Finlandiya və İsveçin NATO-ya daxil olması, həmçinin Danimarkanın Aİ ilə müdafiə sahəsində əməkdaşlığa qoşulması Şimali Avropanın, eləcə də Baltikyanı ölkələrin və Polşanın təhlükəsizliyini gücləndirəcək. Hərbi baxımdan Avropa daha monolitdir.

Bununla belə, siyasi baxımdan, Şərqi Avropa və Rusiya ilə necə davranmaq barədə NATO və Aİ daxilində böyük fikir ayrılığı var və bunu həll etmək lazımdır.

Ən böyük fərqlər silahlara nəzarət və genişlənmə ilə bağlıdır.

NATO üzvləri Rusiyanın Ukraynadakı müharibəsi səbəbindən alyansın öz məqsədinə qayıtmasından məmnundurlar. İndi alyansda təhdid haqqında ümumi təsəvvür yaranıb. Demək olar ki, Soyuq müharibə dövründə olduğu kimi. İndi NATO möhkəm şəkildə Avropaya qayıdır, missiyalarının ciddi tənqidlərə məruz qaldığı Əfqanıstan və ya Liviyada riskli təşəbbüslərə əl atmır.

Avropaya qayıtmaq isə o deməkdir ki, NATO həm Finlandiya və İsveçin təhlükəsizliyi, həm də Şərqi Avropaya yayılan təhlükə ilə nə etmək istədiyinə qərar verməlidir.

Soyuq müharibə dövründə NATO-nun əsas məqsədi Qərbi Avropanı qorumaq idi. Eyni zamanda, bütün ziddiyyətlərə baxmayaraq, ABŞ və Rusiya adi və nüvə silahlarına nəzarəti müzakirə edirdilər. Silahlara nəzarəti bərpa etmək üçün hər-hansı bir səyin olmaması Avropa və xüsusilə onun şərq qonşuları üçün qorxulu təhlükəsizlik boşluğu yaradır.

Ukraynadakı müharibənin necə bitəcəyini və NATO ilə Aİ-nin Ukraynaya dəstəkdə həmrəy qalıb-qalmacağını heç kim bilmir.

Bir şeyə əmin olmaq lazımdır ki, nə vaxtsa silahlara nəzarətə qayıtmalı olacağıq. Hazırda Avropanın iki nüvə dövlətinin - Fransa və Böyük Britaniyanın, habelə ABŞ-ın radar ekranlarında bütün bunların müzakirəsinə dair heç bir əlamət yoxdur. Çoxtərəfli institutların gücləndirilməsinə yönələn bütün alman ritorikasına baxmayaraq, demək olar ki, heç kim silahlara nəzarəti necə bərpa ediləcəyinə dair fikir bildirməyib. Belə sükutun olması səhv və təhlükəlidir.

NATO yeni Strateji Konsepsiyasını yekunlaşdırdığı və Aİ öz Strateji Kompası həyata keçirmək üçün çalışdığı bir vaxtda hər iki təşkilat silahlara nəzarəti necə gündəmə gətirmək barədə fikir mübadiləsi aparmalı və hansı növ danışıqları və kiminlə planlaşdırdıqlarını bildirməlidirlər. Söhbət Avropanın, o cümlədən Şərqi Avropanın gələcək təhlükəsizliyindən gedir.

NATO və Aİ-nin qarşısında duran bu problem genişlənmə ilə əlaqədardır. Gürcüstan, Moldova və Ukraynanın Aİ-yə üzvlük üçün müraciət etmək qərarı onun bir neçə üzvündə qıcıq yaradıb. Bu ölkələrin qoşulmasının nə qədər vaxt aparmasından asılı olmayaraq, blok daxilində onun genişlənməsini istəyənlər azdır.

Sadəcə olaraq, Aİ-nin "arxa bağçası” olan Qərbi Balkan ölkələrinin qəbulu ilə bağlı qeyri-müəyyənliyi düşünün. Birliyin bu bölgəyə münasibəti daim qeyri-səmimi olub. Belə gecikmələr Çinə iri infrastruktur layihələrinə böyük sərmayə qoymaq imkanı verib. Aİ-nin reputasiyası və etibarı sarsıdılıb.

Əksinə, Albaniya, Monteneqro və Şimali Makedoniya artıq NATO-ya üzv olub. Bu, ABŞ-ın Avropanın bu hissəsində strateji təsirini artırır.

NATO Qərbi Balkanlarda Aİ-ni "üstələyir”, Şərqi Avropada isə vəziyyət başqa cürdür. Nə Aİ-nin, nə də NATO-nun bu ölkələrin inteqrasiya strategiyası yoxdur.

Almaniya və digər üzv dövlətlər Gürcüstan, Moldova və Ukraynanın NATO və ya Aİ-yə qoşulmasına qarşı olduqları üçün onlar şərq qonşuları ilə gələcəkdə siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərinin necə quracaqlarını düşünməlidirlər.

Avropa İttifaqının Kişinyov, Kiyev və Tbilisi ilə ticarət sazişləri çox faydalı oldu. Lakin Rusiyanın Ukraynaya təcavüzü onların zəifliyini daha da artırır. Həm NATO, həm də Aİ dərk və qəbul etməlidir ki, əgər ənənəvi genişlənmə yolu ilə getməyəcəklərsə, bu ölkələrə iqtisadi, siyasi müdafiə və təhlükəsiz mühit yaratmağın yollarını tapmalıdırlar. Ukraynadakı müharibə bu şərtlərin nə üçün bu qədər zəruri olduğunu açıq şəkildə nümayiş etdirir.
 

Tərcümə: Nizami Bağırov
Qaynarinfo