Ekonomiks 10:56 13.11.2022

Nazirlik 1 milyona yaxın vergi borcu olan şirkəti qalib elan etdi

Elm və Təhsil Nazirliyi ilə "Çaşıoğlu Elm-İstehsalat” MMC (VÖEN- 1300069061) arasında 9-cu siniflər üçün "Zəfər tarixi" dərs vəsaitinin çap olunması ilə bağlı müqavilə bağlanıb.

Müqaviləyə əsasən Nazirlik 112 səhifədən ibarət olacaq 154 min 980 ədəd kitab üçün MMC-yə 216 min 916 manat 20 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, bir ədəd kitabın çapı üçün 1 manat 69 qəpik vəsait xərclənəcək.

Elm və Təhsil Nazirliyi "Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün "Zəfər tarixi" dərs vəsaitinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması”na dair tender keçirib.
Tender Komissiyasının qərarına əsasən qalib "Çaşıoğlu Elm-İstehsalat” MMC olub və həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.

Məlumat üçün bildirək ki, 3 min 980 manat nizamnamə kapitalı olan "Çaşıoğlu Elm-İstehsalat” MMC-nin qanuni təmsilçisi Hüseynov Ülfət Hikmət oğludur. Şirkət 26 sentyabr 1995-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, "Çaşıoğlu Elm-İstehsalat” MMC-nin ötən günə olan tarixə görə 939 min 398 manat 39 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.//yeniavaz.com