İdman 10:32 05.09.2022

“Neftçi”nin kapitanı: “Adam yersiz tənqidlərdən bezir…” (MÜSAHİBƏ)

Geridə qalan turda "Sumqayıt”la qarşılaşan "Neftçi” növbəti xallarını qazandı. 3:0 hesablı qələbədən sonra turnir cədvəlindəki xalların sayını 12-yə çatdıran "ağ-qaralar” üçüncü pillədə qərarlaşıb. "Rapid”ə məğlubiyyətdən sonra Konfrans Liqasında mübarizəni dayandırsa da, komanda Azərbaycan çempionatında heç də pis çıxış etmir. 

"Neftçi”nin, eyni zamanda millimizin kapitanı Emin Mahmudov həm komandasının çıxışı, həm də şəxsi karyerası ilə bağlı Qaynarinfo-ya müsahibəsində bir sıra sualları cavablandırıb.

- Əvvəlcə "Sumqayıt”la oyundan başlayaq. 3:0 ilk baxışdan rahat hesab kimi görünür. Oyun necə keçdi?

- Əlbəttə, çempionatda asan oyun olmur. Hər biri çətindir, amma əsas qələbədir. İkinci hissədə səhvlər daha az oldu, oyunu nəzarətə götürdük və layiqli qələbə qazandıq.

- Mövsümü, daha doğrusu, geridə qalan 5 turu "Neftçi" üçün necə dəyərləndirirsiniz?

- Hələ ki, dəyərləndirmək tezdir. Bu mövsüm oyunlar çoxdur. İnşallah, irəlidəki matçlarda çoxlu qələbələr qazanmaq lazımdır.

- Avrokuboklardakı çıxışa görə komanda tənqid edilirdi. Bu tənqidlərin oyununuza müsbət, yoxsa mənfi effektləri daha çox oldu?

- "Aris”lə ilk qarşılaşmanı kənara qoysaq, qalan üç görüşdə pis oynamadıq. Əsasən də Bakıda "Rapid”lə oyunda. Amma oyun yaddan çıxır, əsas nəticədir ki, onu qazana bilmədik. Tənqidləri normal qarşılayıram, çünki bizdən daha yaxşı nəticə gözləyirdilər. Bunu edə bilmədik. Tənqidlər komanda üçün motivasiya olmalıdır. 

- "Rapid"i keçmək üçün nə çatmadı? Hansı ki, avstriyalılar gözlənildiyi qədər güclü deyildilər…

- Qol vəziyyətlərindən yararlana bilmədik. Çox yaxşı şanslarımız vardı və birinci oyunda son saniyələrdə qol buraxmağımız pis oldu. Buraxdığımız qolla onlara psixoloji üstünlük verdik.

- "Neftçi”nin hədəfi çempionluqdur. Bu il gözlənilən hədəfə çatmaq nə dərəcədə real olacaq? Nəzərə alsaq ki, heyət yeni yığılıb, "Qarabağ”la mübarizə aparmaq elə də asan olmayacaq.

- Çox irəli getmək lazım deyil. Biz mayı sentyabrda fikirləşmirik. Əsas indiki oyunlardır. Gələn dəfə "Qəbələ” ilə qarşılaşacağıq və bu oyunu düşünürük.

- Builki heyəti ötənilki ilə müqayisə etsək, hansı fərqləri görmək mümkündür? Çempionluq üçün builki heyət daha iddialıdır, yoxsa ötənilki yaxşı idi?

- Deyə bilmərəm, hansı daha yaxşıdır. Fərqli sistem oyunçularıdır. Builki heyət bizə ilk oyunlardan etibarən çox xeyir verir. İnşallah, belə də davam edəcəklər.

- Regekampf iddialıdır. O, komandada hansı dəyişiklikləri edib? Ümumiyyətlə, rumıniyalı məşqçinin hansı xüsusiyyətlərini qabartmaq olar?

- Sistem dəyişildi. Beşli müdafiədən dördlüyə keçmişik. İstəyirik intensiv oynayaq. Bəzi oyunlarda alınır, bəzilərində yox. Baş məşqçi istəyir ki, özümüzə daha çox güvənək və rahat oynayaq. 

- Regekampf hiss olunur ki, tələbkar məşqçidir. Hətta futbolçular bəzən istədiyi kimi oynamayanda, bunu bağışlamır, mətbuat konfransında komandanı tənqid edir. Onun bu xüsusiyyəti sizdə narahatlıq yaratmır ki?

- Xeyr, heç narahat etmir, normal qarşılayırıq. Regekampf istəyir daha yaxşı olaq. Hansı problemlar varsa, oyunda bizə göstərir və çalışırıq onu düzəldək.

- Premyer Liqada cari mövsümü necə dəyərləndirirsiniz? Komandaların sayı artıb, bəs keyfiyyət necə?

- Komandaların sayının artmasına çox sevindim. İstərdim ki, "Kəpəz” Gəncədə oynasın, çünki belədə çoxlu azarkeşlər gələr. Rayonlar nə qədər çox təmsil olunsa, o qədər yaxşıdır, keyfiyyət düzələcək. "Turan Tovuz” heç kimdən geri qalmır. Ayxan Abbasovun komandalarına qarşı oynamaq həmişə çətin olur.

- Bu mövsüm Premyer Liqada sizi təəccübləndirən hansı məqamlar var?

- Belə məqamlar yoxdur, ağlıma heç nə gəlmir.

- "Neftçi"də oynamaq, daim təzyiq altında olmaq, hər dəfə tənqid edilmək sıxıcı deyil ki? Çünki komandadan çox şey gözlənilir və məğlubiyyəti, hətta xal itkisini belə azarkeşlər həzm etmir.

- Əksinə, xoşdur ki, azarkeşlər bizdən qələbə gözləyir. Yoxsa çıx oyna, uduzdun, uddun heç kim söz deməsin… Belədə adam inkişaf etməz.

- Bu, bəzən bezdirici olmur? Ötən il də təzyiqlər çox idi. Heç hansısa vaxtlarda komandadan getməyi düşünmüsünüz?

- Əlbəttə, adam yersiz tənqidlərdən bezir, amma bu, birgünlük hissdir. Tənqidə görə komandadan getməyi heç vaxt düşünməmişəm.

- Yayda başqa, xarici klublardan təkliflər almışdınız? Almışdınızsa, niyə "Neftçi"də qalmağı üstün tutdunuz?

- Təklif yox idi. Həm də "Neftçi” ilə müqaviləm var və başqa kluba getməyi düşünmürəm.

- Ötən il həm yığmada həm də "Neftçi"də qolları sıralayırdınız, bəs bu mövsüm nələr edə biləcəyinizi düşünürsünüz?

- İstəyirəm ötənilkindən geri qalmayım. Görürəm çətindir, amma çalışacağam komandama çox xeyir verim.

- Sonda bir kapitan kimi azarkeşlərə nə demək istərdiniz? Bu mövsüm "Neftçi"dən nə gözləsinlər?

- Çox sağ olsunlar ki, bizi həmişə dəstəkləyirlər. Konfrans Liqasında onları sevindirə bilməsək də, həmişə yanımızdadırlar. Onlar ən yaxşısına layiqdirlər. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Səbuhi Həsənov