İdman 01:28 07.09.2022

“Neftçi”nin sadiq azarkeşi: “Xəzər Lənkəran”la “didişmək” üçün darıxmışıq” (MÜSAHİBƏ/FOTO)

Hər futbol klubunun üzvləri, rəsmiləri, futbolçuları, məşqçiləri, kimliyindən asılı olmayaraq gəldi-gedərdi. Bu gün gəlir, oynayır, yaxud idarəçilik edir, nəticədə də pulunu qazanıb gedir. Çox az insan hansısa klubun tarixində iz qoymağı bacarır. Amma azarkeşlik əbəbdi olur. Azarkeşlik həm də sağalmaz xəstəlik kimidir, bir dəfə canına girdimi, çətin çıxır. Sevdiyin kluba azarkeşlik etmək isə heç də asan deyil. Axı bunun məğlubiyyəti, xal itkisi var… Bir də var sadiq azarkeş. Hansı ki, futboldan, klubundan uzaq düşsə belə, onun sevgisini əbədi olaraq ürəyində yaşadır, uzaqdan azarkeşlik edir və xatirələri daim gözünün qarşısında canlanır. Belə azarkeşlərdən biri də, demək olar, həyatını "Neftçi”yə həsr etmiş, bu klubun sevgisi ilə yaşayan, nəfəs alan, vaxtilə səfər oyunlarına belə yollanan, daim dəstəyini əsirgəməyən Afaq Şükürovadır. Afaq xanım "Neftçi”nin stajlı azarkeşlərindən sayılır. Amma son illərdə klubundan, tribunalardan uzaq düşüb. Onunla əlaqə saxlayıb müsahibə alacağımızı da gözləmirdi. Amma hiss olunurdu ki, ürəyi doludur…

"Ağ-qara” klubun sevgisini qəlbində daşıyan Şükürova Qaynarinfo-ya müsahibəsində keçmişi vərəqlədı, "Neftçi” ilə bağlı xatirələrini bölüşdü. 

- Necəsiniz, Afaq xanım?

- Heç nə, qocalıb gedirik (gülür).

- Çoxdandır, səsinizi eşitmirik…

- 2012-ci ildə "Neftçi” - "İnter” matçından sonra stadionlara getmədim. Sonradan evim söküldü, kirayədə qalmağa məcbur oldum. O qədər problemlər yarandı ki. Daha sonra "Neftçi”nin oyunları "CBC Sport” vasitəsilə yayımlanmağa başladı, uzun müddət onları görmədim. İndi "Neftçi”ni, digər azarkeşləri feysbukda izləyirəm.

- "Neftçi”yə əvvəlki kimi azarkeşlik edirsinizmi?
 

 
- Azarkeş stadiona getməlidir. Mən özümü "azarkeş” adlandırmağa utanıram. Amma inanın ki, "Neftçi”nin məndə nə qədər şəkilləri var, baxıram, xatırlayıram. Heyif o günlərdən. Futbolun dadı gedib, özünüz də görürsünüz, stadionlarımız nə gündədir. Adamın ürəyi ağrıyır. Fanklubdan da xəbərim yoxdur, əlaqə saxlamıram. Əvvəllər Mövsümlə danışırdım, sonradan onunla da əlaqəmiz kəsildi. Telefon insanı uzaqlaşdırır. Xatırladığınıza görə çox sağ olun. Vəfasız deyiləm, sadəcə, qocalıb gedirəm (gülür). "Neftçi”nin sevgisi ürəyimizdədir. 

- Televiziyada sonuncu dəfə "Neftçi”nin oyununa nə zaman baxmısınız?

- Deyə bilmərəm, yalançı olaram. Peyk antenam "CBC Sport”u "tutmadı”ğı üçün komandanın oyunlarına baxa bilmədim. Həm aparatım, həm də televizorum köhnə idi. Beləcə, futboldan ayrıldım. "İdman Azərbaycan”da yayımlananda, stadiona getməsəm də, bütün oyunlara baxırdım. Yalnız onu deyə bilərəm ki, "Qarabağ” öndə gedir, "Neftçi” geridədir. O gün Mərdəkana gedəndə gördüm ki, klub üçün baza tikiblər. Gözəl bazası var, o gün olsun "Neftçi”nin oyunu da gözəlləşsin (gülür).

- Yəqin ki, nəticələrdən xəbəriniz var?

- Feysbukda qarşıma çıxanda baxıram. "Qarabağ”ın oyunları haqqında da məlumatım var. Bilirsiniz necədir, yaşlanmışam, bir ildən sonra təqaüdə çıxacam. Axşam 9-da, 10-un yarısı, məni yuxu "tutur”. Daha əvvəlki kimi qəzet almıram, proqramlardan xəbərim olmur. Yalandan nə deyim?

- Futbola həvəsiniz qalmayıb deyəsən…

- Heç deməyin. Amma dünya çempionatlarına, hərdənbir Çempionlar Liqasının finalına baxıram. Vaxt var idi, gecələr oturub Çempionlar Liqasının oyunlarına baxırdım. İndi gec saatlara qədər qala bilmirəm.

- "Neftçi”nin nəticələrini qənaətbəxş saya bilərik?

- Azərbaycan futbolu, ümumiyyətlə, zəifləyib. Heç kim inciməsin, Bakı çempionatı keçirilir. Hanı bizim bölgələrin komandaları? O vaxt şeir də yazmışdım. Heyif "MTK-Araz”lı, "Karvan”lı günlərdən. Necə gözəl idi. "Zirə”, nə bilim nə… Belə olmaz. Futbolumuzu bərbad günə qoyublar, komandaların sayını gah artırırlar, gah da azaldırlar. Nə deyim, baş çıxarmaq olmur. "Kəpəz”lə "Turan Tovuz”un Premyer Liqaya gəldiyini bilirəm. Xəbərləri feysbukdan oxuyuram, bir-bir səhifələrə baxmağa vaxtım olmur. İnanın, dərslərimizlə əlaqədar təqvim planı hazırlayıram. Kurrikulum sistemi gətiriləndən sonra o qədər yazı-pozumuz var ki. Heç teleserialları da düz-əməlli izaləyə bilmirəm.

- Bütün bunlara rəğmən, hələ də futbolu izləməyə vaxt ayırırsınızsa, deməli, bu idmana olan sevgi ölməyib…

- Bəli, elədir. Şəkillərə baxıram, o günləri xatırlayıram. Oyunlara necə gedib-gəlirdik, nələr olurdu… Heyif o günlərdən. 

- Ən çox hansı dönəmləri xatırlayırsınız?
 


- Ağasəlim Mircavadovun "Neftçi”də olduğu vaxtları. Komandadan ayrılandan sonra da onu görürdüm, danışırdım. Hətta Ağasəlim "Xəzər Lənkəran”a gedəndə, bizi də oyunlara dəvət edirdi. 

- "Neftçi” ilə "Xəzər Lənkəran” arasındakı oyunlar da bir başqa aləm idi…

- Elədir, "Xəzər Lənkəran”ın fəaliyyətini dayandırması pis oldu. Düzdür, "didişirdik”, amma çox ləzzət alırdıq. Həyəcan bir başqa idi. Heyif onların stadionundan. Mübariz Mənsimov xeyli pul xərcləmişdi. 

- "Xəzər Lənkəran”la "Neftçi” azarkeşləri arasında daim gərginlik yaşanırdı, "qırğın” olurdu. Bu komandanın dağılmasına görə təəssüflənirsinizmi? İndi belə qalmaqallı oyunlar yoxdur.
 
- O oyunlar bir başqa idi. İndi "Qarabağ” uğurlar qazanır, ölkəmizi dünyada tanıdır. Qurban Qurbanov da sağ olsun. Yenə də heç nə o günlərin yerini vermir. "Xəzər Lənkəran” üçün, daha doğrusu "didişmək” üçün darıxmışıq (gülür). Həvəslə şüarlar yazırdıq, sifariş verib plakat düzəltdirirdim. Plakatların pulunu öz cibimdən ödəyirdim. 20-30 manat ödəyib plakat düzəltdirirdim. Yadıma gəlir, bir dəfə "Bakı”nı dəstəkləmək üçün Batumiyə getmişdim. Buna görə məni danladılar ki, "Neftçi” azarkeşi "Bakı”ya dəstək verir. Nə olar ki? Başqa ölkələrin komandaları ilə oyunlarda öz klublarımızı dəstəkləmək lazımdır. Mən, yeri gələndə "Xəzər Lənkəran”ı da beynəlxalq oyunlar zamanı dəstəkləmişəm. Öz komandamızdı, ölkəmizin adıdır. "Neftçi” azarkeşi, ancaq "Neftçi”nin tərəfdarı olmalıdır” fikri düzgün deyil. Amma daxili çempionatda bir-birimizin "ətini yeyirdik”. Stadionlara gedirdim. Qışda mənim üçün daha rahat idi, qalın "şuba” geyinirdim. Bir dəfə səhv etmirəmsə, oktyabr ayında "Qəbələ”yə getmişdik. Oğlanlar, siz də məni bağışlayın, maykalarını çıxarıb, təkcə şalvarda komandanı dəstəkləyirdilər. Halbuki havanın günəşli olmasına baxmayaraq, mən soyuqdan əsirdim. Qış aylarında daha dözümlü olurdum.

- Ötən il "Neftçi” çempion oldu. Amma davamı gəlmədi…

- Əlbəttə, buna çox sevindim. Bilirsiniz necədir, uşaq futbolu inkişaf etməlidir. İşin içində deyiləm, amma elə başa düşürəm ki, xaricilərə dedikləri pulun hamısını vermirlər. Məsələn, 10 deyirlərsə, 5-ini verirlər. Özümüzdə istedadlı futbolçular var. Əvvəllər bir başqa idi vallah. 

- Yəqin ki, "Neftçi”nin yeni tikilmiş bazasına da getməmisiniz…

- Xeyr, heç getməmişəm. O vaxt "Neftçi”nin qadın azarkeşləri vardı. İndi əlaqələrimiz kəsilib. O qızlar da yəqin ki, ailə qurub.

- "Neftçi” çempion olanda sizi də xatırlayıb, əlaqə saxladılar? Ümumiyyətlə, son vaxtlar klubdan sizinlə əlaqə saxlayanlar olub?

- Yox əşi, kim xatırlayacaq? Məni xatırlayan siz oldunuz. Ümumiyətlə, klubdan heç kim son illərdə mənimlə əlaqə saxlamadı. Elə bu da adamı uzaqlaşdıran səbəblərdəndir. İndi siz zəng vurdunuz, mən məsuliyyət hiss etdim ki, "Neftçi”nin oyunlarına baxım. Əvvəllər qaydaları da bilirdim. Bilirsiniz ki, "Topaz”da və bunun kimi mərc saytlarında pulla oynamaq günahdır. Amma yadıma gəlir, oyunlara o qədər baxırdım ki, pulsuz proqnozlar verirdim, hamısı düz çıxırdı. Məsələn, 6 oyundan 5-nin nəticəsini düz tapırdım. Oyunlardan anlayırdım, indi heç nə… Bəlkə qaydaları da unutmuşam. Məni xatırlamağınıza sevindim.

- Bugünkü "Neftçi” - "Qarabağ” rəqabətini bəyənirsiniz?

- "Neftçi” "Xəzər Lənkəran”a uduzanda içimdə ağrı olurdu. Amma "Qarabağ”a məğlub olanda elə bir ağrı hiss etmirəm. Həm Qurban Qurbanov "Neftçi”nin oyunçusu olub, həm də "Qarabağ”ın adına qurban. Vallah, çox sevinirəm. Hətta, Yutubda qollara baxıram, fikirlərimi yazıram. İçimdə "Qarabağ”a qarşı heç nə yoxdur. O vaxt mənə üzərində klubun loqosu olan ləçək də vermişdilər.

- Maraqlı, yadda qalan xatirələriniz var?
 


- "Neftçi”nin "Zestafoni” ilə oyununa baxmaq üçün Gürcüstana getmişdik. Xeyli gəzdik, amma yemək yemədik. Stadiona acqarına getmişdik. Hesab 2:2 oldu. Gürcü futbolçu qolu bir saniyə gec vursa, işimiz bitmişdi. Deməyim odur ki, mən oyunu, həyəcanı anlayırdım. Amma gənclər artıq mərhələni keçdiklərini düşünürdülər. Beləcə, demək olar, yemək də yemədik. Heç bilmədik nə yedik. İşin təşkilindən çox şey asılıdır. Yadımda qalan budur. Emin Quliyevin ad günündə futbol tortu hazırlatdırmışdım. O vaxt telefonla şəkil çəkmək yox idi. Tortu Eminə təqdim edəndən sonra kimsə fotoaparatla xatirə şəklimizi çəkmişdi. 

- Bu gün heyətdən kimisə tanıyıb, fərqləndirə bilirsiniz?
 


- Xeyr, yalan deyərəm. Bunun üçün komandanı izləmək lazımdır. Köhnə qəzetlərdə məktublarım var, onları kənara ata bilmirəm (gülür). Son vaxtlar qəzet də alıb oxumuram. O vaxt qəzetləri qardaşım alırdı. 2013-cü ildə o, rəhmətə gedəndən sonra, qəzetdən də uzaq düşdüm.

Səbuhi Həsənov