İdman 17:33 05.09.2022

"Neftçi"nin zədəli futbolçularının durumuna aydınlıq gəldi

Misli Premyer Liqasının 5-ci turu çərçivəsində sentyabrın 3-də "Bakcell Arena”da keçirilmiş "Neftçi” – "Sumqayıt” matçından əvvəl yüngül məşq zamanı "Neftçi"nin zədələnmiş futbolçusu Kenni Sayef, həmçinin onun əvəzinə adı start heyətinə salınmış və matçın ilk hissəsində eyni aqibəti yaşamış Vato Arveladzenin durumuna aydınlıq gəlib. 
 
Qaynarinfo klubun mətbuat xidməinə istinadən xəbər verir ki, hər iki futbolçu klubun sağlamlıq sponsoru olan "Liv Bona Dea Hospital”da müayinədən keçib. Bununla bağlı "Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib.
 
Baş həkimin verdiyi məlumata görə, burun nahiyəsindən zədə almış və bu səbəbdən qanaxma və yumşaq toxumada əzilmələri olan Sayefin qoruyucu ilə məşq edəcəyi gözlənilir. Bu, bugünkü məşqöncəsi son müayinədən sonra dəqiqləşəcək. Budunun arxa qrup əzələsində kəskin gərilməsi olan Arveladze isə 3-4 həftə müalicə alacaq.
 
"Sumqayıt” üzərində böyükhesablı (3:0) qələbə qazanmaqla xallarının sayını 12-yə yüksəldən "Neftçi” 5 turdan sonra 3-cü pillədə qərarlaşıb.
 
Səbuhi Həsənov