Ekonomiks 17:36 30.03.2023

“Öncədən ödəniş edən minlərlə insan ziyan edəcək” - Ekspert yeni qərarı şərh edir

"Sifarişin tarixi mayın 1-ə qədər olanlar keçərli sayılmalı, yaxud da qərarın qüvvəyə minməsi müddəti mayın 1-nə deyil, iyunun 1-dək uzadılmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Nazirlər Kabinetinin buraxılış müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsini məhdudlaşdıran qərarı qüvvəyə minənə qədər onların gətirilməsini sifariş edənlərin aqibətinin necə olacağına aydınlqı gətirərkən deyib.

Ekspert bildirib ki, belə qərarlar spontan və ani olaraq verilməməlidir:



"İş adamları, vətəndaşlar həmin qərara görə ziyanlı duruma düşməməlidir. Amma qərar istər-istəməz onları ziyanlı duruma salacaq. Problemdən çıxmaq üçün iki seçim var. Sifarişin tarixi mayın 1-ə qədər olanlar keçərli sayılmalıdır. Həmin tarixli avtomobillər xaricdən iyun və ya iyulda da gəlsə, onların gətirilməsinə imkan verilməlidir. Yaxud da qərarın qüvvəyə minməsi müddəti mayın 1-nə deyil, iyunun 1-nə uzadılmalıdır. Başqa çıxış yolu yoxdur. Çünki əvvəlcədən ödəniş edən, sifariş verən minlərlə insan qərarın indiki kimi qüvvəyə minməsindən ziyan görəcək. Çox hallarda, xaricdən ölkəmizə avtomobillər 40-45 günə, bəzən hətta 50 günə gəlib çıxır. Ona görə də qərar vətəndaşlara ziyan verəcək formada olmamalıdır”.

Rüfət Sultan