Siyasət 12:12 04.10.2022

Paşinyan danışıqların detallarını niyə açıqladı? - Politoloq

Azərbaycanın Ermənistan qarşısında qoyduğu beş əsas tələb açıqlanıb. Bakı Qarabağdakı separatçı "ordu”nun buraxılmasını, Qarabağı heç bir status olmadan Azərbaycanın bir hissəsi kimi tanımağı, Zəngəzur dəhlizinin açılmasını, 1919 və ya 1920-ci illərin xəritələrinə əsasən sərhədin delimitasiyası və demarkasiyası prosesinin başladılmasını (konkret hansı xəritədən söhbət getdiyi məlum deyil), itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsini tələb edir. 

Bu tələblərlə bağlı iddianı Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbəri olduğu "Haykakan Jamanak” qəzeti yayıb. Nəşr qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromis tapılmalıdır. 

Qeyd edək ki, Ermənistan baş naziri tez-tez bir-birindən fərqli fikirlər səsləndirməklə məşğuldur. O, bir gün Azərbaycanla sülh əldə etməyin vacibliyini vurğuladığı halda, ertəsi gün onun tam əksinə olan fikirlər səsləndirərək, dünya birliyini erməniləri müdafiə etməyə səsləyir. Baş nazirin ailəsinə məxsus sözügedən mətbu orqanda gedən həmin məlumatdan öncə Paşinyan özü parlamentdə çıxışında sülhə getməyin vacib olduğunu bir daha diqqətə çatdırmışdı. İndi isə mətbu orqan onun fikirləri əsasında mövcud vəziyyətin nə yerdə olduğunu ortaya qoyur.
 
Paşinyan Bakının 5 tələbini niyə ictimailəşdirib? Bununla nə məqsəd güdür?



Qaynarinfo-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, belə bir məlumatı yaymaqla Paşinyan ictimaiyyətin prosesə münasibətini öyrənmək niyyəti güdüb. Əgər narazılıqla rastlaşsa, danışıqlarda da yəqin ki, məhz həmin mövqedən istifadə edəcək:

"Bir müddət əvvəl Ermənistan dini rəhbərilə keçmiş ölkə prezidentləri arasında baş tutan görüşdən dərhal sonra Paşinyan toplantıda iştirak edənlərə sülh danışıqları ətrafında mövcud olan vəziyyəti göstərmək qərarına gəlib. Lakin digərləri bundan imtina edib. Paşinyan düşünürdü ki, keçmiş rəhbərlər mövcud vəziyyətlə tanış olsalar, Ermənistanın hazırkı durumunu daha yaxşı dərk edə bilərlər. Paşinyan həmçinin Parisdən qayıdandan sonra demişdi ki, Ermənistana dəstək olmayacaq. Hər tərəf sülh sazişinə imza atılmasını şərt kimi ortaya qoyur. Bu da onu göstərir ki, artıq ictimai mühit və siyasi elitada məsələ qapalı deyil, açıq şəkildə müzakirə olunmalıdır. Paşinyan bəlkə də hesab edir ki, ictimai rəy şərtləri qəbul etməsə, bu amil ona danışıqlarda əlavə divident verə bilər. Ona görə də o, danışıqlarla bağlı məlumatları ictimailləşdirir. Bu, taktiki gedişidir. Yəni, Paşinyan hansısa güzəştlərə məcbur olsa çalışır ki, onu təkbaşına deyil, ictimai və siyasi elitanın dəstəyini də alaraq qəbul etsin. Həmin açıqlama ilə Paşinyan ictimaiyyətin prosesə münasibətini öyrənmək niyyəti güdüb. Narazılıq olsa, danışıqlarda da yəqin ki, bu mövqedən istifadə edəcək”. 

Rüfət Sultan