Siyasət 11:49 30.09.2022

Polşa Rusiyaya müharibə elan edəcəkmi? (ŞƏRH)

Kremlin Ukrayna və dünyanı nüvə silahı ilə təhdid etməsi Qərbi ona münasibətdə daha ciddi addımlar atmağa sövq edir. Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə Şimali Atlantika Alyansı (NATO) Ukraynadakı müharibə əməliyyatlarına qoşula bilər. Polşa Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya Ukrayna ərazisinə nüvə silahı atarsa, bu, Təhlükəsizlik Şurası üzvlərinin konsensusunu pozacaq. Bu da NATO-nu Ukrayna müharibəsinə müdaxilə etməyə məcbur edəcək.

Qeyd edək ki, bu günə qədər NATO açıq şəkildə Ukrayna müharibəsinə birbaşa olaraq müdaxilə etməyib. Onlar  yalnız Ukraynaya silah, maddi və mənəvi, humanitar dəstək verməklə kifayətləniblər. Həmçinin Rusiyaya qarşı  ağır sanksiyalar tətbiq ediblər. Lakin mövcud vəziyyət  NATO-nu öz strategiyasında dəyişiklik etməyə vadar edə bilər. Rusiyanın nüvə silahından istifadə edə biləcəyi  məsələsi gündəmə gələn ilk anlardan ABŞ rəsmiləri bəyan etdi ki, Moskva Ukraynanı dağıdıcı silahla təhdid edəcəyi təqdirdə, NATO həmin ölkənin Qara dənizdəki donanmasını darmadağın edəcək. Hər halda, görünən  odur ki, Kremlin sərt davranışı Rusiya ilə Qərbin bir-birilə toqquşmasına gətirib çıxara bilər. Yəni, Qərbin həmin prosesi sükutla, yaxud da sadəcə sanksiya tətbiq etməklə qarşılayacağı gözlənilən deyil. Aydın görünür ki, Rusiyanın nüvə təhdidinə NATO-nun cavabı da kəskin olacaq. NATO ölkələri arasında məsələyə əsas kəskin reaksiya verən ölkənin Polşa olması da başa düşüləndir. Belə ki, Polşa Ukrayna ilə ən böyük sərhədə malik ölkədir. Bu mənada Ukraynaya atılan nüvə silahının Polşaya da öz təsirini göstərəcəyi istisna deyil. 

Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov:
 
"Bu gün NATO Rusiya-Ukrayna müharibəsinə birbaşa şəkildə qoşulmadığını göstərsə də, əslində müharibənin görünən tərəfi Moskva-Kiyev savaşıdır. Reallıqda isə NATO-Rusiya savaşı gedir. NATO qoşunları birbaşa şəkildə hərbi əməliyyatlarda iştirak etməsə də, qurumun maddi-texniki təchizat, hərbi vasitələrlə köməyi, müdafiə sənayesi məhsullarının Ukraynaya verilməsi prosesi davam edir. Pərdə arxasında Ukrayna komandanlığı ilə NATO komandanlığı arasında daim məsləhətləşmələr həyata keçirilir. Ona görə də birbaşa olmasa da, dolayı yolla NATO artıq bu savaşın iştirakçısıdır”. Həmsöhbətimiz Rusiyanın da belə bir ağılsızlığa gedərək, Ukraynaya hansısa nüvə başlıqları atacağını da düşünmür:"Ola bilər vəziyyət gərginləşərsə, saxta referendumlarla Xerson, Zaporojye, Luqansk və Donetskin Rusiyaya birləşdirilməsi Moskva tərəfindən hüquqi qüvvəyə minsə və Kiyevin həmin ərazilərə hücumu baş versə, Kreml ballistik raketlərdən istifadə edə bilər”. 

Ancaq bu halda da, ekspert NATO-nun Rusiyaya qarşı müharibəyə başlamaqla bağlı ümumi konsensusa gələcəyini də zənn etmir:"Birmənalı şəkildə Türkiyə NATO-nun hər hansı bir formada Rusiya ilə müharibəyə cəlb olunmasına razı olmayacaq. Bəzi digər dövlətlər də belə mövqe sərgiləyəcək. Nə Rusiyanın ağır çaplı iri nüvə başlıqlarından istifadə imkanları real deyil, nə də bu hadisə baş verəcəyi təqdirdə NATO-nun Kremllə açıq savaşa girməsi ehtimalı real görünmür. Bu, sadəcə olaraq, hər iki tərəfin bir-birinə qarşı informasiya savaşıdır və reallıqda heç bir siyasi əhəmiyyəti yoxdur”. 

Rüfət Sultan