İdman 11:42 15.08.2022

Premyer Liqada rekordlar həftəsi: "Sabah" 14, "Neftçi" 9 ildən sonra...

Futbol üzrə Azərbaycan Premyer Liqasının II turunda qapılara 18 qol vurulub.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 2022-ci ilin rekordudur.

"Neftçi” - "Kəpəz” (5:2) oyununda 7, "Zirə” - "Sabah” (1:3) və "Qəbələ” - "Şamaxı” (3:1) matçlarında 4, "Sumqayıt” - "Qarabağ” (0:2) görüşündə 2, "Səbail” - "Turan Tovuz” (0:1) qarşılaşmasında 1 qol qeydə alınıb.

Turun orta məhsuldarlığı 3,60-a bərabərdir.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə ötən mövsümün X turunda təsadüf olunub. Keçən il 6-7 noyabrdakı dörd görüşdə 17 top qeydə alınıb. Orta məhsuldarlıq 4,25-ə bərabər olub.

"Neftçi" Azərbaycan Premyer Liqasında 9 il 9 aydan sonra bir oyunda 5 qol vurub. "Ağ-qaralar" son olaraq II turda "Kəpəz"i 5:2 hesbaı ilə üstələyib.

Paytaxt təmsilçisi sonuncu dəfə 2012/2013 mövsümündə 5 və daha çox qola imza atıb. 3557 gün əvvəl - 2012-ci il noyabrın 17-də "Sumqayıt”ı qonaq edən "Neftçi” 8:1 hesabı ilə qalib gəlib.

Həmin oyundan sonra paytaxt təmsilçisi bir qarşılaşmada 4-dən çox top vura bilməmişdi.

Qeyd edək ki, "Neftçi” Azərbaycan çempionatları tarixində 53-cü dəfə bir görüşdə 5 və ya daha çox qol vurub. Bu da ölkə rekordudur.

"Sabah" klubu isə Azərbaycan Premyer Liqasında 14 mövsümdən sonra rekordu təkrarlayıb. Çempionatın lideri hər iki oyunda 3 qol vurmaqla buna nail olub.

Murad Musayevin baş məşqçisi olduğu komanda öncə "Sumqayıt”ı 3:0, ardınca "Zirə”ni 3:1 hesabı ilə məğlub edib.

Bir klubun ilk iki matçında 3 və ya daha çox qol vurmasına son 14 mövsümdə birinci dəfə təsadüf olunub. Startda belə məhsuldar qarşılaşmalar keçirən sonuncu komanda "Qəbələ” idi. "Qırmızı-qaralar” 2008/2009 mövsümünün ilk iki görüşündə ən azı üç qola imza atıb.

Qeyd edək ki, ölkə çempionatları tarixində 11-ci dəfə belə hadisə yaşanıb.