Siyasət 14:54 22.09.2022

Prezidentin Laçında verdiyi mesajlar (ŞƏRH)

Azərbaycan Prezidenti İlham Əliyev Laçına səfəri fonunda Ermənistana və onun havadarlarına ünvanlanmış bir sıra mesajlar verib. Dövlət başçısı ümid etdiyini bildirib ki, sentyabrın 13-də Azərbaycan Ordusunun təxribat törədən düşməni növbəti dəfə yerində otuzdurması nəhayət onlara dərs olacaq:

"Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək”.

Prezident qeyd edib ki, Ermənistanın Azərbaycanı onların ərazisinə daxil olmaqla bağlı ittiham etməsinin heç bir əsası yoxdur: "Bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”. 
 


Dövlət başçısı xəbərdar edib ki, heç kim Azərbaycanla ultimatum dilində danışmasın: "Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik”.

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidentinin Laçın şəhərində verdiyi mesajı mühüm, vacib və strateji əhəmiyyət kəsb edən bəyanat kimi dəyərləndirdi:

"Azərbaycan Prezidenti Laçın şəhərinə səfər çərçivəsində yenidən olduqca mühüm, vacib, strateji əhəmiyyət kəsb edən bəyanatla çıxış edib. Onun çıxışının əsas məğzi odur ki, Ermənistanın 10 noyabrdan sonrakı bütün davranışı həmin bəyannamədən irəli gələn məsələləri icra etməməyə, ondan boyunq açırmağa yönəlib. İrəvanın atdığı real addımlar, təxribatları sülhə qarşıdır. İrəvan çalışırdı ki, Laçın dəhlizinə alternativ yol çəkilməsin. Amma Azərbaycan Prezidentinin söylədiyi kimi, bu istiqamətdə apardığımız ciddi işlər, qətiyyətli mövqeyimiz 3 il ərzində Laçın dəhlizinə alternativ yolun çəkilişi bəndinin bəyannaməyə salınmasına gətirib çıxardı. Asan olmasa da, bu işin də öhdəsindən gəldik. 
 


Ermənistanın təxribatına cavab olaraq uğurlu "Qisas” əməliyyatı keçirdik. Düşmənin 13 sentyabr genişmiqyaslı təxribatının da qarşısını aldıq. İndi ölkəmizi guya Ermənistan ərazisinə daxil olmaqda ittiham edirlər. Prezident bu məsələyə də aydınlıq gətirərək deyib ki, hansı ərazi, hansı sərhəddən söhbət gedir? Sərhədləri vardısa, onun delimitasiyasını həyata keçirərdilər. İrəvan delimitasiyadan yayınır”. 

Deputat bildirir ki, ölkəmiz üçün İrəvanın Azərbaycan Ordusunun sərhədi keçdiyi barədə sərsəm fikirlərinin heç bir mənası və hüquqi çəkisi yoxdur:

"Dövlət başçısı heç kimin, heç nəyin bizim qarşımızı ala bilməyəcəyini Ermənistanın siyasi-hərbi rəhbərliyinin bir daha diqqətinə çatdırdı. Heç bir telefon zəngi, təşəbbüs bizi öz haqq işimizdən geri çəkdirə bilməz”. 

Rüfət Sultan