Ölkə 14:54 08.06.2022

Prokuror sabiq icra başçısının 600 minlik əmlakının müsadirə olunmasını tələb edir

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovla bağlı apellyasiya məhkəməsinin qərarından protest verilib.

APA-nın əldə etdiyi xəbərə görə, prokuror mərhum icra başçısının 600 min manatlıq əmlakı üzərindən həbsin götürülməsindən narazıdır. Protestdə sözügedən əmlakın dövlət nəfinə müsadirə olunması, icra başçısının müavini Ramiz Tatarovun isə cəzasının artırılması tələb olunur.

Xatırladaq ki, mərhum sabiq icra başçısı və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə Nizaməddin Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb.

Ramiz Tatarovun cəzası isə 8 il 3 aya endirilib.