Dünya 11:07 19.04.2022

Putin: Rusiyaya qarşı qoyulan sanksiyalar uğursuz oldu

Rusiyaya qarşı qoyulan sanksiyalar Qərbin özündə iqtisadiyyatın pisləşməsinə səbəb olub.

Qaynarinfo "Aljazeera”ya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

"Qərb Rusiyada maliyyə-iqtisadi vəziyyəti pozacağını, bazarlarda panika yaradacağını, bank sistemini çökdürəcəyini və mağazalarda qıtlığa səbəb olacağını gözləyirdi”, deyə Putin bildirib. 

Rusiya lideri "iqtisadi blitzkriq strategiyası”nın uğursuzluğa duçar olduğunu, əvəzində isə Qərbin özündə iqtisadiyyatın pisləşdiyini deyib. Putin Rusiyanın görünməmiş təzyiqə dözdüyünü və bu ərəfədə rublun gücləndiyini iddia edib. Həmçinin ölkənin tarixi yüksək ticarət profisiti əldə etdiyini vurğulayıb.

Rusiya prezidenti xarici ticarətdə rublun istifadəsi prosesini sürətləndirilməsindən də danışıb. 

Qeyd edək ki, Dünya Bankı bu il Rusiya iqtisadiyyatının 11% kiçiləcəyini təxmin edib. Ekspertlər isə Qərb sanksiyalarının daha ağır təsirlərinin hələ gəlməkdə olduğunu bildirirlər. 

Nurlan Hüseynov