Dünya 19:46 20.05.2022

Putini tanımaq: Belə məntiq Hitlerə şamil edilsəydi, Avropa bu gün harda olardı? – Aslund yazır

Anders Aslund

Amerikalı iqtisadçı, "Atlantic Counsil” Araşdırma Mərkəzinin baş elmi əməkdaşı

Ukraynadakı müharibə Qərb auditoriyasının müasir Rusiyanın əsl mahiyyətini qiymətləndirməkdə qabiliyyətsizliyini üzə çıxardı. Bir çox beynəlxalq müşahidəçilər hələ də Rusiyaya rasional oyunçu kimi baxır və "sakitləşdirmə” siyasətinin Ukraynadakı münaqişəni dayandıra biləcəyinə inanırlar. Bu çox səhv və absurd yanaşmadır. 

Əslində, nə liberallar, nə də realistlər Vladimir Putinin mahiyyətini anlayırlar. Onlar başa düşmürlər ki, o, Rusiyanın milli maraqlarını düşünməyən, əksinə, yalnız öz hakimiyyətinə və sərvətinə diqqət yetirən avtoritar kleptokratdır, o, şəxsi mənafeyini onun cinayətkar idarəçiliyinə xalq tərəfindən dəstək qazanmağa kömək edən revizionist rus millətçiliyinin fasadının arxasında gizlədir.

"Rus klan kapitalizmi: bazar iqtisadiyyatından kleptokratiyaya” kitabımda qeyd etdiyim kimi, Putinin siyasəti özündə avtoritarizm və kleptokratiyanı birləşdirir. Ona müharibə Rusiyanı yenidən böyük etmək üçün deyil, populyarlığını artırmaq və repressiv daxili siyasətinə haqq qazandırmaq üçün lazımdır. Putin həmçinin demokratik Ukraynanın yüksəlişindən qorxur və onun Avro-Atlantik inteqrasiyasını avtoritar rejimi üçün ekzistensial təhlükə kimi görür.

Putini anlamaq – Qərbin Rusiya və Ukraynaya yönələn effektiv siyasətinin formalaşdırılmasının açarıdır. Bir qayda olaraq ukraynalılar Putini çox yaxşı anlayırlar, lakin təəccüblü odur ki, Qərbdə yaşayan az sayda insan bunu bacarır. Qərbin Rusiyanı düzgün başa düşməsi üçün bir sıra ümumi yanlış təsəvvürləri aradan qaldırmaq lazımdır.

Putinlə münasibətdə əsas məsələlərdən biri Qərbin eskalasiya qorxusudur. Rus diktatoru bunu çox gözəl anlayır və həmişə qalib gələnə və ya uduzana qədər vəziyyəti gərginləşdirir. Ona görə də Qərb eskalasiyadan yayınmağa çalışmamalı, əksinə daha da ciddi və sürətli eskalasiyaya hazır olduğunu nümayiş etdirməlidir. Bu, Putinin məğlub olacağına və Ukraynanın qalib gələcəyinə zəmanətin yeganə yoludur.

Qərbin "Putini təhrik etmək” qorxusu xüsusilə mənasızdır. Bu səbəbdən ABŞ prezidenti Barak Obama Ukraynaya öldürücü silahlar verməkdən imtina edib. Belə görünür ki, ABŞ-ın indiki administrasiyasının üzvləri də eyni səhv fikrə malikdirlər. Bu arada, bu kimi arqumentlər Avropada müzakirələrdə üstünlük təşkil edir və həddindən artıq ehtiyatkarlıq əhval-ruhiyyəsini gücləndirir, bu isə Putini yalnız sevindirə bilər.  

Bu qorxularda hər-hansı məntiq görmək çətindir. Səbəbsiz və əsassız müharibəyə başlayan Putindirsə, niyə onu təhrik etməməli olan Qərb olmalıdır? Bu cür təfəkkür mahiyyətcə Rusiyaya qalib gəlməyə və Ukraynanın məğlubiyyətini qəbul etməyə imkan verən bir çağırışdır. Əvəzində Putinlə bağlı Qərb müzakirələrindən "təhrik” sözünü çıxarmaq lazımdır.

Qərbin Putinə simasını saxlamağa imkan verməsi fikri də eyni dərəcədə centlmensayağıdır. Siz həqiqətən fikirləşirsiniz ki, Putin simasını saxlamalıdır? Putin centlmen deyil. O, aqressiv müharibələr aparır və amansızcasına bütün şəhərlərin dağıdılmasını əmr edir. Qərb bu miqyasda insanlığa qarşı cinayətlərə güzəştə gedə bilməz. Əksinə, Putini məğlub etmək lazımdır. Onun başa düşdüyü yeganə dil böyük gücün dilidir.

Yolunu azmış bir çox Qərb siyasətçiləri və şərhçiləri Ukraynanı Putinlə danışıqlara çağırmaqda davam edirlər. Bu mövqe ilə bağlı problem ondan ibarətdir ki, Putin özü ardıcıl olaraq Ukrayna prezidenti Volodomir Zelenski ilə görüşməkdən, danışıqlardan və hətta telefonla söhbətindən imtina edib.

Putin həm də inandırıcı şəkildə göstərdi ki, sözünün heç bir dəyəri yoxdur və heç bir vədinə əməl etmək məcburiyyətində deyil. Onilliklər ərzində Putin açıq yalanlarla və zahirən ağlasığmaz inkarlarla öz davranışını açıq şəkildə müdafiə edərək, razılaşdıqdan sonra beynəlxalq müqaviləni sistemli şəkildə pozur. Qanunları unudan bu adamla başqa dəyərsiz müqavilə bağlamaq nəyə lazımdır?

Qərbin Ukraynanın neytrallığı ilə bağlı çağırışları da faydasızdır. Ukrayna müstəqilliyinin otuz ili ərzində neytral qalıb və heç vaxt NATO-ya daxil olmaq üçün ciddi perspektivə malik olmayıb. Putin Ukraynanın NATO-ya inteqrasiyasından qorxduğuna görə deyil, ölkənin məhz NATO üzvü olmadığı və alyansdan kifayət qədər hərbi dəstək almadığına görə işğal etdi. 

NATO-ya üzvlük Ukrayna üçün yeganə etibarlı təhlükəsizlik təminatı olaraq qalır. Finlandiya və İsveç Rusiyanın işğalından açıq dərs aldılar və onilliklər boyu davam edən neytrallıqdan əl çəkdilər. NATO ilə Ukrayna arasında daha sıx əlaqələri istisna etmək yalnız Rusiyanın Ukraynada və başqa yerlərdə daha böyük təcavüzünü təşviq edəcək.

"Ehtiyatkarlar”ın başqa arqumentləri tükəndikdə, onlar dərhal atəşkəsə çağırmağa meyillidirlər. Bu çağırışlar ağlabatan səslənsə də, onlar Rusiyanın atəşkəs razılaşmalarına yenidən qruplaşmaq və yeni hücumlara hazırlaşmaq fürsəti kimi baxmasının uzun tarixinə məhəl qoymurlar.

Bu tendensiya 2015-ci ilin fevralında ikinci Minsk razılaşmalarının imzalanmasından sonra Ukraynanın şərqində alovlanan münaqişənin yeddi ili ərzində xüsusilə nəzərə çarpıb. Rusiya Minskdə razılaşdırılmış atəşkəs şərtlərinə əməl etməkdən imtina edib və Moskvanın maraqlarına uyğun şəkildə müntəzəm olaraq lokal eskalasiyalara əl atıb. 

Sülhsevərlər tez-tez deyirlər ki, Qərb Putini küncə sıxışdırmamalıdır. Eynilə, onlar Rusiyada sabitliyin pozulması ilə bağlı xəbərdarlıq edirlər. Lakin Putin həm Avropada, həm də Rusiyanın özündə açıq-aşkar əsas sabitliyi pozan amil olduğu halda onu sabitlik mənbəyi kimi qəbul etmək tamamilə məntiqsizdir. Belə məntiq Adolf Hitlerə şamil edilsəydi, Avropa bu gün harda olardı?

Rusiyanın Ukraynaya qarşı müharibəsi hazırki nəsil üçün ən böyük geosiyasi böhrandır. Aydındır ki, bir çox beynəlxalq müşahidəçilər qırğına son qoymağa can atırlar və danışıqlar yolunun sülhün təmin edilməsinin ən yaxşı yol olduğuna inanırlar. Lakin bu cür ümidlər uzaqgörənliyi ilə seçilmir və Putin rejiminin mahiyyətini nəzərə almır.

Müharibəyə son qoymağın yeganə yolu Rusiyanı məğlubiyyətini etiraf etməyə məcbur edəcək və Ukraynaya 2014-cü ildən bəri itirdiyi bütün torpaqları geri qaytarmağa imkan verəcək Ukraynanın həlledici qələbəsidir. Əgər barışığın kompromis variantı Putinə Ukraynada son ərazi qazanclarını saxlamağa imkan versə, o, ölkənin qalan hissəsinin işğalı kampaniyasının növbəti mərhələsinə hazırlaşmaq üçün hərbi əməliyyatlarda istənilən fasilədən istifadə edəcək. Müharibədə qalib gəlsə, Rusiyanın təcavüzü istər-istəməz Ukraynadan kənara da yayılacaq.

Qərbin illərlə arzuladığını reallıq kimi qəbul etməsi və Kremlə güzəştə getməsi Putinin dünya sülhü üçün ən böyük təhlükəyə çevrilməsinə mane ola bilmədi. Nəhayət, müasir Rusiya reallığını dərk etməyin və "sakitləşdirmə” siyasətindən gec-tez imtina etməyin vaxtı çatıb.

Nizami Bağırov