Ölkə 10:46 25.11.2022

"Qadınlardan ali təhsil almağı tələb etmək məntiqli deyil" - Kəmalə Ağazadə

"Bütün hallarda bir mütəxəssisin, psixoloqun təhsili olmayan qadınlar haqqında belə fikir səsləndirməsi, yanaşması düzgün deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə psixoloq Gülnar Orucovanın "savadsız ananın böyütdüyü uşaq hansı tərbiyənin yiyəsi olacaq” fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qadınlardan ali təhsil almağı tələb etmək məntiqli deyil:

"İstər qadın, istərsə də kişi olsun, təhsil önəmlidir. Ali təhsil almağı biz hər dəfə vurğulayırıq. Amma insanlardan tələb eləmək ki, "sənin gözəl ailə modelin ali təhsilin olandan sonra ola bilər", bu düzgün deyil. Ali savad təlim-tərbiyə modelini formalaşdırmır. Ali savad ziyalılığı, imiclərin inkişafını və bunun təbliğatını formalaşdırır. Ali təhsili olmayan milyonlarla ailələr var ki, onlar çox gözəl uşaqlar böyüdürlər. Mən təhsilin tərəfdarıyam və daima da onu vurğulayıram ki, bizi cahillikdən xilas edə biləcək bir yolumuz varsa, o da təhsilimiz və peşəmizdir”. 

Sədr deyir ki, psixoloq xanım bu məsələyə düzgün yanaşmayıb:

"Cəmiyyətə xeyir vermək istəyən psixoloqlar gərək yüz ölçüb, bir biçəndən sonra fikirlər səsləndirsinlər. Düşünürəm, Gülnar xanım səsləndirdiyi fikirlərlə bağlı yenidən açıqlama verməlidir. Hər bir halda belə bir fikir səsləndirib, qadınları aşağılamaq qətiyyən düzgün deyil”.   

Qeyd edək ki, psixoloq Gülnar Orucova mətbuata açıqlamasında ali təhsili olmayan qadınları aşağılayan ifadə işlədib: "Təhsil hər bir millətin gələcəyini formalaşdırır. Savadsız, ali təhsili olmayan bir ana ilə, ali təhsilli atanı müqayisə etsək, görərik ki, savadlı atanın verdiyi tərbiyə daha çoxdur. Savadsız ananın böyütdüyü uşaq hansı tərbiyənin yiyəsi olacaq?! Təhsil insanın dünyagörüşünü, həyata baxışını formalaşdırır”.

Bahar Rüstəmli