Siyasət 13:04 14.09.2022

Qafqaz uğrunda yeni savaş: Sərhəddə atəşkəsi kim və niyə pozdu? (ŞƏRH)

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanla Ermənistan arasında son günlər cərəyan edən gərginliklə bağlı danışarkən bildirib ki, Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında münaqişəni "qarışdırmağa” cəhd edə bilər və Vaşinqton bundan narahatdır: "Rusiyanın diqqəti hansısa yolla Ukraynadan yayındırmağa çalışması bizi həmişə narahat edən məsələdir”.

Digər tərəfdən, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də bildirib ki, Rusiya öz ordusundan təkcə Ukraynada deyil, "başqa yerlərdə” də istifadə edə bilər: "Rusiya hələ də güclü hərbi potensiala malikdir və öz qoşunlarından təkcə Ukraynada deyil, həm də "potensial olaraq başqa yerlərdə” istifadə edə bilər”.
 
Onun sözlərinə görə, "Putinin ixtiyarında hələ də son dərəcə böyük hərbi potensial var ki, ondan təkcə Ukraynada deyil, həm də potensial olaraq başqa yerlərdə istifadə etmək olar”.

Maraqlıdır ki, Azərbaycanla Ermənistan arasında baş verən son insidentdə Rusiya ABŞ başda olmaqla Qərbi, ikincilər isə Kremli ittiham edir. Əslində bunu deməklə, tərəflər haqqında söhbət gedən gərginlikdə maraqlı olduqlarını ortaya qoyurlar. Digər tərəfdən, Kirbinin açıqlaması ona dəlalət edir ki, Xarkov ətrafında sarsıdıcı zərbə alsa da, Rusiya ordusu hələ də tükənməyib və öz gücündən eyni zamanda başqa regionlarda da istifadə edə bilər. 

Bəs, təhlükə Qafqazada sirayət edə bilərmi? Belə olarsa, Azərbaycanı nə gözləyir?
 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Blinkenin bu açıqlamasına etibar etmədiyini deyib:


 
"Doğrudur, məntiqi nöqteyi-nəzərdən Kreml diqqətlərin Ukrayna cəbhəsindən yayınmasında maraqlı ola bilər. Ancaq Azərbaycan- Ermənistan sərhədində başlayan genişmiqyaslı təxribat məsələsində bir çox qaranlıq məqamlar mövcuddur. Ermənistanın müdafiə naziri Papikyanın bu hadisələrə qədər 5 gün ərzində Pentaqonda nə işi vardı? Bu suala cavab vermək əvəzinə, bütün işarələr Rusiyaya yönləndirilir. Blinkenin Qafqaz üzrə xüsusi nümayəndəsi Cənubi Qafqaza göndərilir və o, İrəvanda olarkən Ermənistan ordusu bu miqyasda təxribat törədir. Bu dolayısı ilə ABŞ-ın bilərəkdən Ermənistanı çətin vəziyyətə salması anlamına gəlir. Belədirsə, nəyə görə ABŞ rəsmiləri susur? 

Rusiyanı ittiham etmək asandır. Ancaq bunun üçün konkret dəlillər ortaya qoyulmalıdır. Çox keçməz ki, baş verən hərbi təxribatın sifarişçiləri ortaya çıxar. Son olaydan sonra Paşinyanın zəng etmədiyi dünya liderləri qalmadı. Bu kontekstdə konkret hərəkətə keçən Fransa oldu. Paris BMT-nin Təhlükəsizlik Şurasında son insidentin qaldırılmasını tələb edib. Fransa məsələni Azərbaycana təzyiq etmək üçün qaldırıb. Amma Fransa bu addımda tək deyil, əminəm ki, məsələnin arxasında ABŞ dayanır. Belə bir açıqlamanı Blinken birərəkdən verib və məqsəd Rusiyanı ittiham altında saxlamaqdır”. 

Politoloq son insidentin arxasında Rusiyanın dayandığına şübhə edir:
 
"Moskva anlayır ki, bu təxribatda Rusiyanın əlinin olması onun Azərbaycan və Türkiyə ilə münasibətlərinə kökündən zərbə vura bilər. Bu isə hazırkı məqamda Rusiyanın geosiyasi maraqlarına cavab vermir. Rusiyaya qarşı sanksiyalarda tam şəkildə iştirak etməyən iki dövlət varsa, onlar Azərbaycan və Türkiyədir. Belə olan halda Rusiyanın hərbi təxribatın arxasında dayandığına şübhə edirəm. Blinkenin açıqlaması gözdən pərdə asmaq üçün verilən açıqlamadır”. 

Rusiyanın öz ordusundan tək Ukraynada deyil, başqa yerlərdə də eyni zamanda istifadəsi ehtimalından danışan Con Kirbinin dediklərinə gəlincə, həmsöhbətimiz bu fonda belə Azərbaycanı heç bir təhlükənin gözləmədiyi qənaətindədir:
 
"Çünki Rusiya bu gün Azərbaycanla müharibə aparmaq kimi böyük bir təhlükəni göz önünə ala bilməz. Ukraynadan qaçan ordu Rusiya ordusudur. Qaçanları dayandırmaq isə xeyli zaman alacaq. Ancaq Cənubi Qafqazda zəif həlqələr var ki, onlardan biri də Gürcüstandır. Moskva Qərbin dəstəklədiyi Gürcüstana da hərbi müdaxilə edə bilər. Lakin iki cəbhədə vuruşması o qədər də real deyil. Xarkovda 4 min km-lik ərazini bir həftəyə itirən Rusiya belə bir gücdə deyil”. 

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclunun fikrincə, Ruusiya Şərq-Qərb dəhlizini ələ keçirmək üçün Ukrayna ilə yanaşı, Azərbaycanla-Ermənistan arasında münaqişənin də yenidən alovlanmasında maraqlıdır:



"Blinkenin açıqlaması təsadüfi deyil. Məsələ ondadır ki, söhbət tək Rusiyanın diqqəti Ukraynadan yayındırmaq cəhdindən getmir. Əslində, Ukrayna müharibəsi Rusiyanın qlobal layihəsi idi. Həmin layihənin məqsədi də Şərq-Qərb dəhlizi üzrə ticari əlaqələri, əmtəə daşımalarını nəzarətə götürməkdir. Ona görə də Kreml Ukraynanın Qara dəniz sahili boyu ərazilərini zəbt etməyə çalışdı və bir qismən buna nail də oldu. Amma vəziyyət dəyişdi, Qərbin dəstəyilə Ukrayna bu ərazilərdən Rusiyanı vurub çıxarmağa başladı. Amma həmin dəhlizi kəsmək üçün digər iki nöqtə də var, biri Mərkəzi Asiya, digəri Qafqazdır. Qazaxıstanda yanvar hadisələrinin arxasında dayanan əsas hədəf bu idi. Amma orada Çin və qismən Türkiyə Moskvanı həmin layihədən kənarlaşdırdı. Rusiya Mərkəzi Asiyadan məhrum oldu. 

Cənubi Qafqaza gəlincə, Kremlin burada qarşıdurma yaradıb, sonra da onu bəhanə etməklə bölgəyə qoşun yeritməsi mümkündür. Rusiya Azərbaycan üzərindən Yaxın Şərqə çıxış əldə etmək və bununla da Şərq-Qərb dəhlizini kəsmək istəyir. Ona görə də tez-tez Şimal-Cənub dəhlizi məsələsi gündəmə gətirilir”. 

Həmsöhbətimiz qeyd edir ki, bu gün Rusiya üçün Qafqaz əsas hədəfdə olan bölgədir:
 
"Kirbinin dediyi də Blinkenin dediyinin təsdiqidir. Həqiqətən də, Rusiya Ukraynaya bənzər vəziyyəti başqa bölgələrdə də yarada bilər. Qafqaz qlobal siyasətdə əsas rol oynamaq üçün Yaxın Şərqə çıxışdır, bunu unutmayaq”. 

Politoloq Zərdüşt Əlizadə Blinkenin yanaşmasını yanlış qiymətləndirmə kimi dəyərləndirdi:



"Bir qədər çiy bəyanatdır. Onun bəyanatı sabiq sovet məkanındakı gerçəkliyi özündə tam əks etdirmir və həqiqətə uyğun deyil”. 

Z. Əlizadə Kirbinin açıqlamasının isə doğru olduğunu bildirir:
 
"Rusiya Ukrayna ilə eyni anda digər məkanlarda da öz ordusundan istifadə edə bilər. Amma indi bu Rusiyaya lazım deyil”.

Rüfət Sultan