Siyasət 10:37 30.09.2022

Qarabağ məsələsi: Mariya Zaxarova nədən narazıdır? (REPLİKA)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib.

Rusiya XİN sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin vacibliyini xatırladıb. Mariya Zaxarova deyib ki, həmin razılaşmalarda nəzəriyyə və praktika, baş verənlərin konstatasiyası və gələcək planlar var:

"Bu sənədlər sadəcə vasitəçilər arasında və hər bir ölkə ilə ayrılıqda imzalanmayıb, uzun sürən tarixi münaqişənin tərəfləri arasında imzalanıb. Buna görə də, həmin sənədlər qiymətsizdir və əsl yol xəritəsidir”.

Rusiya XİN rəsmisi həm daxildən, həm də xaricdən əldə olunan razılaşmaları dəyişmək istəyənlərin olduğunu da diqqətə çatdırıb:

"Onlar çox şey vəd verirlər.  Söz verməyi bacarırlar. Onların bu illər ərzində gördüyü işin nəticəsi olmadı. Əldə olunan üçtərəfli razılaşmalar isə kağız üzərində qalmadı. Onlar mərhələli şəkildə, addım-addım həyata keçirilir. Hər şey istəyən kimi reallaşmır. İstəyirik ki, maksimum olsun. Ona görə də reallığı xəyalla dəyişmək olmaz”.

M. Zaxarova vurğulayıb ki, Rusiya üçtərəfli bəyanatın bütün müddəalarının icra edilməsinə tərəfdardır:

”Bu bəyanatlarda çox məsələlər nəzərdə tutulub. Bəyanatlarda həm nəzəri, həm də praktiki tərəflər, eləcə də baş verənlərin təsdiqi və gələcək planlar əksini tapıb".

Vurğulayaq ki, Zaxarovanın istinad etdiyi "Moskva müqaviləsi”ndə nəzərdə tutulan nəqliyyat və tranzit kommunikasiyalarının açılması hələ də reallaşmayıb. Digər tərəfdən, Avropa Birliyinin "Yekun Sülh razılaşması” üzrə təşkil etdiyi danışıqlarda Bakı və İrəvan bir çox məsələlərdə razılığa gəldilər. Azərbaycan uzunmüddətli, davamlı sülhə Ermənistanın məcbur edilməsi elementlərini özündə ehtiva edən mövqe ilə çıxış etdi və Aİ-nin bu istiqamətdə dəstəyini daha da gücləndirməyin vacibliyini diqqətə çatdırdı. İrəvan da Bakının şərtləri ilə razılaşmışdı. Lakin Rusiyanın "Brüssel razılaşması”na qısqanc yanaşması sülh sazişi imzalanmasını çətinləşdirdi. 

Qeyd edək ki, "Moskva razılaşması”ndakı kommunikasiyalarla bağlı bəndlərin həyata keçirilməsində gecikmələr nəzərə çarpır. Bu baxımdan Zaxarova bu sualı özünə ünvanlamalıdır: niyə Kreml adıçəkilən bəndlərin həyata keçirilməsini reallaşdırmaq istəmir? Əgər Rusiya Azərbaycan-Ermənistan arasında sülhdə maraqlıdırsa, nəyə görə kommunikasiyaların açılmasına nail omur? Ritorik sualdır...

Siyasət şöbəsi