Sənət 14:51 13.05.2022

Qarabağa öncə nəfəsimiz, musiqilərimiz və folklorumuzla qayıdırıq - Böyük Qayıdış

(Yazı "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış” mövzusu üzrə hazırlanıb)

Prezident İlham Əliyevin sərəncamına əsasən, 2022-ci il "Şuşa İli” elan edilib. Sərəncamda Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir.

Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Eyni zamanda Cıdır düzündə "Xarı bülbül” musiqi festivalının keçirilməsi də sözügedən sərəncamın tərkib hissəsidir.
 
Elə bu sərəncamdan sonra Qarabağın beşiyi olan Şuşaya böyük qayıdış başladı. Qayıdışın əsasını isə 2021-ci il mayın 12-də Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən "Xarı bülbül” musiqi festivalı öz işinə başlayıb. 



Festivalda Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri səslənib.

2022-ci ilin may ayında isə Şuşada növbəti festival - Beynəlxalq Kulinariya Festivalı keçirildi. Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəliblər. Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında Azərbaycan xalqının qonaqpərvərliyi, bu şəhərin qədimliyi və gözəlliyi bir daha nümayiş etdirilib.



Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan olan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış ediblər. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələr qida sahəsi üzrə beynəlxalq ekspertlər və blogerlər ilə təmsil olunub.

Mayın 12-də yenidən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül” Beynəlxalq Folklor Festivalı öz işinə başladı. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.



Xalq artisti Mənsum İbrahimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, belə festivalların keçirilməsi ilə Qarabağa böyük qayıdışın əsası qoyulub:

"Qarabağ işğaldan azad olunandan sonra artıq ikinci "Xarı bülbül” festivalı başlayıb. Bu, musiqi altında dünyaya bir mesajdır. Biz bəyan edirik ki, artıq dədə-baba torpağımızı qaytarmışıq və biz burada əbədiyik. Bu, həm də dünyaya siyasi mesajdır. Azərbaycan torlerant bir ölkədir. Azərbaycanda yaşayan bütün etnik qrupların kollektivləri festivallarda çıxış edir. Çoxmilləti, bir-birinə qardaş kimi yaşayan ölkəyik. 

Azərbaycanda yaşayan bütün insanlar yumruq kimi birləşdi və işğal altında olan torpağı xilas etdi. Festivala 10-dan çox xarici ölkənin nümayəndələri gəlib. Çox möhtəşəm bir tədbirdir. Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtıdır, Şuşa İlidir, Şuşa bizim Mədəniyyət Paytaxtımızdır. Xaricdən Azərbaycana-Şuşaya xarici qruplar gəlir. Həmin qonaqlar tarixi abidələrin ermənilər tərəfindən dağıdılmasının şahidi olurlar, Azərbaycanın haqq işinin şahidi olurlar. Minalanmış sahələri görüb gedib onlardan reportajlar hazırlayırlar. Biri var ki, mətbuatdan oxusunlar, biri də var gözləri ilə görsünlər”.



Mənsum İbrahimov dövlətin bu cür tədbirlərini təqdirəlayiq hesab edir:

"Həmin festivallara xarici ölkələrdən həm də dövlət nümayəndələri, blogerlər, jurnalistlər gəlir. Qonaqlar gedəndən sonra bizim haqq səsimizi dünyaya çatdırırlar. Bu mənada belə festivalların keçirilməsi həm də həqiqətlərin dünyaya çıxmasında yardımçı olur. Festivalda daha çox xalq və milli musiqilər, folklor nümunələrinə üstünlük verilir. Çox təəssüf ki, mən bu festivala qatıla bilmədim. Bu festival Qarabağın işğaldan azad olunan bütün bölgələrində keçiriləcək”.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı hesab edir ki, bu festival çox böyük, tarixi, mədəni və eyni zamanda siyasi hadisədir:

"Şuşa 2022-ci ildə Türk dünyasının paytaxtı olaraq qeydə alınıb. Əslində beynəlxalq miqyasda maraq Şuşaya və Qarabağadır. Bu mənada Qarabağda keçirilən bütün tədbirlərin əhəmiyyəti böyükdür. Ötən il mən Vaqifin məqbərəsinin açılışında iştirak elədim. Onda da gördüm ki, ziyalılığın Azərbaycan mədəniyyətinin bu hissəsinə, Qarabağa çox böyük həsrəti var. Həmin həsrəti aradan qaldırmaq, adamların ürəyinə su səpmək üçün bu kimi hadisələrin əhəmiyyəti böyükdür. Əvəllər də belə müsabiqələr, festivallar olub. Bu gün təkçə Azərbaycan deyil, beynəlxalq səviyyədə müxtəlif folklor qrupları gəlir. Bu o deməkdir ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Dünya görür ki, bu yer Azərbaycan üçün nə qədər əzizdir. Bu, həm ölkə başçısının, həm də xalqın diqqətindədir, o cümlədən də biz ziyalıların da ürəyindədir. Ona görə də Şuşada keçirilən "Xarı bülbül” festivalı böyük tarixi hadisədir”.



Məhərrəm Qasımlının fikirincə, bu fesrival Şuşaya qayıdışımızın əsas hissələrindən, təkan nöqtələrindən biridir:

"Cıdır düzün gəzdim. İsa bulağından tutmuş bütün tarixi yerləri gördük. Bu torpağa, vətənə o qədər bağlıyıq ki, bir an da olsa oradan ayrılmayacayıq. Bizim sazımız, sözümüz, muğamımız, folklorumuz, musiqilərimiz də Qarabağla, əsas da Şuşa ilə nəfəs alır. Bizim Şuşaya gedən xanəndələrimiz, aşıqlarımız, rəqqasələrimiz öz çıxışları ilə Qarabağ nəfəsini yenidən Şuşaya qaytarır. Biz Qarabağa ilk öncə nəfəsimizlə gedirik və orada aldığımız nəfəsi də bütün Azərbaycan boyu gətirib dünyaya yayırıq. Bu işin əhəmiyyəti də budur. Azərbaycan Aşıqlar Birliyinin üç üzvü festivalda çıxış edir”.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.