Dünya 16:45 06.08.2022

Quterreş Xirosima abidəsində: "Bəşəriyyət dolu silahla oynayır"

BMT-nin baş katibi Antoniu Quterreş şənbə günü Xirosima Sülh Parkında atom bombası qurbanlarının xatirəsini anım  mərasimində iştirak edib. BMT rəhbəri "Bəşəriyyət dolu silahla oynayır" deyərək dünyaya xəbərdarlıq edib.

Qaynarinfo bu barədə  "Japan Times" saytına istinadən xəbər verir.

O, 1945-ci ildə atom bombası atılması zamanı Xirosima sakinlərinin yaşadıqları faciəni xatırladaraq, ciddi böhranların və nüvə silahlarının Yaxın Şərqdən Koreya yarımadasına sıçraması və Rusiyanın Ukraynaya nüvə hücumu təhlükəsi barədə xəbərdarlıq edib.

"Atom bombasının atılması nəticəsində bu şəhərdə bir anda on minlərlə insan həlak oldu, qadınlar, uşaqlar və kişilər cəhənnəm oduna bənzər bir odda yandı”, deyə Quterreş bildirib.

BMT-nin baş katibi əlavə edib ki, nüvə silahı təhlükəsizliyə zəmanət vermir, yalnız ölüm və dağıntı gətirir. O, bildirib ki, Xirosima faciəsindən 77 il sonra 1945-ci ildə bu şəhərin üzərinə qalxan göbələk buludundan nə öyrəndiyimizi soruşmalıyıq.

Quterreşin sözlərinə görə, hər kəs Xirosima dəhşətini daima yaddaşında saxlamalı və bilməlidir ki, nüvə təhlükəsinin yeganə həlli yolu var. Bu yol nüvə silahının ümumiyyətlə olmamasıdır.

M.Arif