Dünya 16:32 11.01.2023

Rus diasporu casusluğu aktivləşdirir - İsveç kəşfiyyatından  xəbərdarlıq

İsveç Dövlət təhlükəsizlik xidmətinin (SAPO) rəhbəri Şarlotta fon Essen bildirib ki, Rusiya İsveçdə kəşfiyyat fəaliyyətini gücləndirmək niyyətindədir.
 
Onun sözlərinə görə, Kreml İsveçdəki rus diasporundan öz məqsədləri üçün istifadə edə ">bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo.Novosti” Aftonbladet-ə istinadən yazıb https://t.me/agentstvonews/2272 

Rusiya kəşfiyyat xidmətləri ölkəsini tərk edən rusiyalıları əməkdaşlığa məcbur etmək üçün təhdid edə bilər, - o izah edib.

Rusiya həmçinin dezinformasiya, kiberhücumlar, təxribat və İsveçdəki sabitliyi pozmaq üçün ekstremistlərin cəlb edilməsi də daxil olmaqla "təhlükəsizliyi təhdid edən digər hərəkətlərə” müraciət edə bilər, - fon Essen bildirib.

SAPO-nun telekommunikasiya, elektrik enerjisi və "kritik materialların” daşınması sahələrində Rusiya tərəfindən "casusluq və təxribata qarşı mübarizədə xüsusilə sayıq olmağa əsasları var”, - deyə xidmət rəhbəri əlavə edib, lakin "kritik materiallar” dedikdə nə başa düşüldüyünü açıqlamayıb. "Bunlar İsveçə hücumların bütün Avropaya da zərər verə biləcəyi sektorlardır", - "Associated Press” fon Essendən sitat gətirir.

Xatırladaq ki, sentyabrın sonunda Danimarka və İsveç sahillərində baş verən partlayışlar "Şimal axını” və "Şimal axını 2” boru kəmərlərinin dörd qolundan üçünü sıradan çıxarıb. Həm Qərb ölkələri, həm də Rusiya partlayışların səbəbinin təxribat olduğunu düşünür. Almaniya hüquq-mühafizə orqanları partlayışların arxasında Moskvanın ola biləcəyini ehtimal edirlər. Vladimir Putin qaz kəmərinin anqlosakslar tərəfindən partladıldığını bəyan edərək, partlayışların "benefisiarları”nın Ukrayna, Polşa və ABŞ olduğunu bildirib.

Oktyabr ayında Aftonbladet yazıb ki, İsveçdə magistral yollarda quraşdırılmış sürətə nəzarət radarlarından 100-dən çox Canon kamerası oğurlanıb. Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi eyni avadanlıqların Rusiyanın Ukraynada istifadə etdiyi "Orlan 10” pilotsuz uçan aparatında aşkar edildiyini bildirib. SAPO qəzetə bildirib ki, xidmət kamera oğurluğu hallarından xəbərdardır və bu halların Rusiya pilotsuz uçuş aparatları ilə mümkün əlaqəsini araşdırır. 

Nizami Bağırov