Dünya 14:35 20.06.2022

Rusiya bu tranzitə qoyulan yasağa sərt təhdidlə cavab verdi: "Əks halda!..”

Rusiya Litva ərazisindən Rusiya Federasiyasının Kalininqrad vilayətinə sanksiya tətbiq edilən malların tranzitinə qoyulan qadağaya Avropa İttifaqı və NATO-ya qarşı təhdidlərlə reaksiya verib.

Rusiya Federasiyasının Dövlət Suverenliyinin Müdafiəsi üzrə Federasiya Şurasının Komissiyasının rəhbəri Andrey Klimov bildirib ki, Aİ "Kalinqradın blokadası” ilə bağlı vəziyyəti düzəltməlidir, əks halda Moskva "istənilən yolla tranzit məsələsinin həllində sərbəstlik alacaq”.

Qaynarinfo xəbər verir ki, bu haqda RİA Novosti yazıb.

O, həmçinin NATO-nu ittiham edib ki, Alyans Litvanın əli ilə Rusiya regionunun blokadasına başlayır.

"Bu, Rusiyaya qarşı birbaşa təcavüzdür və özünümüdafiə yoluna getməyə məcbur edir”, - Klimov bildirib.

Xatırladaq ki, iyunun 18-də Litva Dəmir Yolları Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının əsas ərazisi arasında sanksiyalaşdırılmış yüklərin tranzitini dayandırıb. Litva bununla bağlı Avropa Komissiyasından müvafiq dəqiqləşdirmələr alıb.

İlkin qadağa əvvəllər eksklavla Rusiyanın qalan hissəsi arasında daşınan malların çeşidinin 40-50%-nə təsir edəcək. Bu qərar Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda qəbul edilib.

Nizami Bağırov