Dünya 18:56 02.08.2022

Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanmasına fəal töhfə verir - Zaxarova

Rusiya Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanmasına fəal töhfə verir. Üstəlik, Moskvanın postsovet məkanında delimitasiya və demarkasiya baxımından səlahiyyəti Azərbaycan-Ermənistan sərhədində və bütövlükdə regionda təhlükəsizliyi əhəmiyyətli dərəcədə gücləndirə bilər.
 
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

"Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək üzrə xüsusi nümayəndəsi İqor Xovayev ümumi əsaslar axtarmaq, sülh sazişinin qarşılıqlı məqbul əsas prinsip və parametrlərinə nail olmaq üçün tərəflərlə müntəzəm məsləhətləşmələr aparır”, - Zaxarova bildirib.

O xatırladıb ki, bu təmaslar iyulun 22-də Bakıda, iyulun 28-də isə Yerevanda olub.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası həm də Transqafqaz qonşuları arasında dialoqun yaxşılaşdırılması üçün Rusiyanın vasitəçilik səylərinin mühüm istiqamətidir. Moskvanın bu prosesdə məsləhətçi rolu 26 noyabr 2021-ci il tarixli Soçi üçtərəfli yüksək səviyyəli bəyanatında qeyd olunub.

Zaxarova qeyd edib ki, mayın sonunda müvafiq ikitərəfli komissiya yaradılıb və iki ölkənin sərhədində Azərbaycan və Ermənistan nümayəndələrinin ilk tanışlıq görüşü baş tutub.

"Biz öz tərəfimizdən azərbaycanlı və erməni dostlarımızı Rusiya ərazisində qəbul etməyə həmişə hazırıq”, - deyə Zaxarova bildirib.
Növbəti görüşə gəlincə, o qeyd edib ki, müəyyən tədbirlərin keçirilməsi üçün konkret tarixlər Bakı və İrəvan tərəfindən müəyyən ediləcək.
 
Alpər