Ekonomiks 14:47 12.09.2022

Rusiya-Türkmənistan münasibətləri: Qaz böhranı aradan qalxacaqmı? (ŞƏRH)

9Ukraynada apardığı müharibəyə görə sanksiyalarla üzləşən Rusiya çətin duruma düşüb. Moskva qaz ixracının çətinləşməsi fonunda alternativ yollar axtarışındadır. Rusiya üzünü Mərkəzi və Cənubi Asiyaya tutur. Belə ki, "Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bir müddət əvvəl Türkmənistana səfər edib. 

Miller ölkə prezidenti Sərdar Berdıməhəmmədovla enerji sahəsində əməkdaşlıq məsələlərlə bağlı müzakirə aparıb. Müzakirələr fonunda bəlli olub ki, Rusiya Türkmənistan üzərindən Cənubi Asiya ölkələrinə qaz nəql etmək istəyir. Bunun üçün Türkmənistanın qaz infrastukturundan istifadə ediləcək. 

İdeyanı gerçəkləşdirmək üçün yeni boru xətləri də çəkilməlidir. Amma Rusiya qazının Türkmənistan ərazisindən Cənubi Asiya ölkələrinə nəqli təklifinə Aşqabadın necə cavab verəcəyi hələlik bəlli deyil. Türkmənistan özü qaz ölkəsidir və yeni bazarlar axtarır. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, "Qazprom”un bu təklifi Aşqabad üçün göydəndüşmə bir məsələ olardı: 



"Türkmənistan 14 il bundan qabaq Rusiyaya 50 milyard kubmetr qaz ixrac edirdi. Sonradan bu rəqəm sıfır səviyyəsinə düşdü. Yalnız son iki ildə Rusiya Türkmənistandan 4 milyard kubmetr həcmində qaz alıb. Türkmənistandan Rusiyaya uzanan Mərkəzi Asiya boru kəməri faktiki olaraq istifadəsizdir. Ondan reles, yəni əks istiqamətdə istifadə etməklə Rusiya Türkmənistan bazarına çıxa bilər. Bununla da Moskva Aşqabad, Kabil, İslamabad və Dehlini birləşdirəcək 8 ildir tikintisi gedən layihəni reanimasiya edə bilər. 

Burada çatışmayan iki məqam mövcuddur. Həmin layihənin gerçəkləşməsi üçün maliyyə yoxdur. Bütün maliyyə öhdəliyi Aşqabadın üzərindədir. Digər tərəfdən, təhlükəsizlik məsələsi də həmin layihənin gerçəkləşməsini ləngidir. Bu məsələləri həll etməklə Rusiya öz qazının bir qismini "Türkmənqaz”ın müqavilə öhdəliyindən faydalanmaqla Cənubi Asiyaya göndərə bilər. Bütün hallarda bu variant Rusiyanın Qərbdən Şərqə istiqamət götürməsində mümkün variant ola bilər”. 

Rüfət Sultan