Moldova Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzündən narahatdır və özü üçün ən pis ssenariyə hazırlaşır. Moskvanın hücumu halında Kişinyov Rumıniyadan kömək istəyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Moldova prezidenti Maya Sandunun sözlərindən sitat gətirən "Deschide” nəşrinə istinadən xəbər
verir.
Rumıniyalı həmkarı Klaus İohannislə görüşdən sonra siyasətçi bildirib ki, ölkəsi Ukraynadakı vəziyyəti diqqətlə izləyir.
"Biz narahatıq. Ən bədbin ssenariləri nəzərdən keçiririk. Buna uyğun olaraq, biz bütün ssenarilərə hazırlaşırıq. Və Rusiyanın Moldovaya hücum etməyə çalışdığı bir vəziyyətdə, açıq şəkildə kömək istəyəcəyik", deyə Sandu bildirib.
Öz növbəsində, İohannis qeyd edib ki, Rumıniya Rusiyanın Ukraynaya qarşı başladığı qəddar müharibə nəticəsində Şərqi Avropanın hansı ssenariyə düşməsindən asılı olmayaraq, Moldovaya ən yaxın ölkə olaraq qalır və onu tərk etmir.
Xatırladaq ki, Moldova Ukraynadakı müharibənin Odessaya doğru genişləndirilməsi ehtimalından narahatdır. Kişinyovda bu cür qorxular Rusiya hərbçilərinin yerləşdiyi separatçı Dnestryanı bölgənin ərazisinə yaxın olması ilə izah olunur.
Yeri gəlmişkən, iyulun 28-də Moldova parlamenti Rusiya ilə Ukrayna arasında müharibə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.
Nizami Bağırov
Şərhlər