Siyasət 16:59 30.09.2022

Rusiyanın Ukraynada keçirdiyi “referendum”ların yaxın qonşulara təsiri olacaqmı? (ŞƏRH)

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb. Fərmanda deyilir ki, qərar "BMT Nizamnaməsində təsbit edilmiş "xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini tanıyan, təsdiq edən beynəlxalq hüquq normalarının qəbul edilmiş prinsip və normalarına uyğun olaraq” referendumda "xalqın iradəsi” nəzərə alınmaqla qəbul edilib. Bu addımın ardınca Moskvanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərini öz tərkibinə qatacağı da gözlənilir.

Proseslər bütün hallarda buna doğru gedir.  Yaranmış bu vəziyyət MDB məkanı və Şərqi Avropada anoloji presedentlərin yaranmasına gətirib çıxara bilərmi?

Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev düşünür ki, Rusiyanın bu addımı yaxın xaricdə presedent yaratmayacaq:

"Rusiyanın həyata keçirdiyi bu saxta referendumlar heç bir sivil dövlət tərəfindən qəbul olunmur və beynəlxalq qanunlara kobud müdaxilə kimi dəyərləndirilir. Dünya dövlətləri tərəfindən bu addım Rusiyanın aneksiyası kimi qiymətləndirilir. Müharibə, hərbi əməliyyatların getdiyi bir şəraitdə qaynar nöqtələrdə referendum keçirilməsi nonsensdir. Amma həmin olay dünya ictimaiyyəti tərəfindən qəbul olunan hadisə olmadığından ətraf ərazilərdə, MDB məkanında belə heç bir presedent yarada bilməz. Baş verən həmin hadisənin digər regionlarla anologiyasını aparmaq doğru deyil. Çünki Ukraynada baş verənlər fərqli situasiyadır. Şübhəsiz ki, MDB məkanı və Şərqi Avropada bəzi separatçı qüvvələri bu hadisə oxşar addımlar atmağa ilhamlandıra bilər. Bu hadisədən ruhlanan bir sıra ölkələrdəki separatçılar da müəyyən dərəcədə aktivləşə bilərlər. Lakin onun da heç bir nəticəsi olmayacaq. Qarabağ erməniləri də anoloji fikrə düşsə, onun qarşısı da qəti şəkildə alınacaq”. 

Rüfət Sultan