Siyasət 17:37 15.06.2022

Seçkilərdə Ərdoğanın gözlənilməz rəqibi kim olar bilər, İran Azərbaycanı niyə təhdid edir?.. (MÜSAHİBƏ)

Türkiyədə 2023-cü ilin iyun ayında keçiriləcək parlament seçkisində yeni sistem tətbiq olunacaq. 600 nəfərlik Böyük Millət Məclisinə düşmək üçün minimal səs həddi 10 faizdən 7 faizə endirilib. 

Parlament seçkisi ilə eyni gündə keçiriləcək prezident seçkisində qələbə üçün tələb olunan sadə səs çoxluğu (50 faiz+) sistemi qüvvədə qalır. Bu arada MAK sorğu mərkəzinin keçirdiyi nəticələrə əsasən, hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə ana müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) arasında reytinq fərqi 1,2 faizə düşüb. Belə ki, qurumun may ayında keçirdiyi plebissitin nəticələrinə görə, vətəndaşlardan hansı siyasi partiyaya səs verəcəkləri soruşulub. AKP 28,3% səslə birinci, CHP isə 27,1% səslə 2-ci olub. Yəni aradakı fərq 1,2% təşkil edib. Həmçinin öz mövqeyini müəyyən etməmiş seçicilərin müxalifətə daha yaxın olduğunun müəyyən edildiyi bildirilir.

Xatırladaq ki, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində Ərdoğan seçicilərin 52%-dən çoxunun dəstəyi ilə birinci turda qalib gəlmişdi. Parlament seçkilərinin nəticəsi də təxminən eyni olmuşdu - "Cümhuriyyət alyansı” (AKP-MHP) 53%-lə qalib olmuşdu. 2023-cü ildə Ərdoğanın qələbəsinə mane olacaq amillər sırasında iqtisadi problemlər və dərinləşən infilyasiyanı göstərirlər. Keçirilən rəy sorğuları həqiqəti əks etdirirmi?
 
Bu və bölgədə cərəyan edən digər proseslərlə bağlı Qaynarinfo-nun suallarını siyasi analitik Rauf Mirqədirov cavablandırır.
 
- Gələn il Türkiyədə prezident seçkiləri keçiriləcək. Hazırda Türkiyə iqtisadiyyatı ağır dövrünü yaşayır. İnflyasiya faizi getdikcə artır. Bu amil seçkilərin nəticələrinə təsir edə bilərmi? 

- Sözsüz ki, Türkiyədə sosial-iqtisadi vəziyyətin dəyişməsi seçkilərin nəticlərinə çox ciddi təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, Ərdoğan hakimiyyətinin bir neçə elektoral dayağı var idi. Bu dayaqların ən vaciblərindən biri dindar və kasıb təbəqə idi. Hakimiyyətə gələndən sonra Ərdoğan və onu dəstəkləyən hakim partiya məhz sosial cəhətdən daha az təminatlı kəsimin şəraitini ciddi şəkildə yaxşılaşdırdı. Çoxlu sosial proqramlar həyata keçirilməsinə başlandı, onların icbari tibbi sığorta məsələsi, aztəminatlı ailələrə sosial müavinətlər verilməsi, mənzil təminatı və s. sosial problemləri həll olundu. Digər tərəfdən, Ərdoğan hakimiyyəti özündən əvvəlki dövrlərdə ölkədə hökm sürən dünyəviliyə kifayət qədər ciddi zərbə vurdu. Dindar qadınların hicabla dövlət müssəsislərində işləməsi və təhsil alması problemi həllini tapdı. Bildyiniz kimi, Ərdoğan hakimiyyətindən əvvəlki dövrlərdə Türkiyədə hicab demək olar ki, qadağan idi. Söhbət dövlət və təhsil müəssislərində hicaba qoyulan məhdudiyyətdən gedir. Yəni, bu eloktoral dayaq Ərdoğan hakimiyyəti üçün çox vacib idi. İndi isə ölkədə inflyasiya, işsizlik artır. Bunun da bir neçə səbəbi var. Əlbəttə ki, səbəblərdən biri pandemiyanın yaratdığı problemlərdir. İkinci əsas səbəb mövcud geosiyasi şəraitlə bağlıdır. Yəni, hazırda Rusiyaya qarşı total sansksiyalar tətbiq olunur. Sözsüz ki, bu proses Türkiyəyə də təsirsiz ötüşmür. Ankara müəyyən təhdidlərlə qarşılaşır. Qısası, bütövlükdə dünya iqtisadiyyatında mövcud olan mənfi tendensiyalar Türkiyəyə təsir etməyə bilməz. Belə bir zamanda ölkədə Ərdoğanın apardığı yanlış iqtisadi siyasət, ilk növbədə pul-maliyyə sistemi ilə bağlı siyasət inflyasiyanın artmasına səbəb olur. Bu, sözsüz kasıb kəsimin etirazına səbəb olur və bu təbəqədən Ərdoğana gələn dəstək zəifləyir. Ərdoğan hakimiyyətinin ikinci ciddi dayağı kürd etnik azlığı idi. Ərdoğan hakimiyyətə gələndə kürd açılımından danışılırdı. Bu istiqamətdə kifayət qədər ciddi addımlar atıldı. Məhz Ərdoğanın dövründə PKK müxtəlif adlarla parlamentdə təmsil olunub. Müəyyənləşdirilən 10 faizlik barajı keçə bilib. Lakin son dövrlərdə kürdlər də Ərdoğandan üz döndəriblər. Xüsusilə, AKP MHP ilə ittifaq yaradandan sonra bu tendensiya aydın görünür. Çünki bu ittifaq kürd açılımı siyasətindən imtinaya gətirib çıxardı. Hazırda da AKP-MHP koalisiyada millətçi ritorika üstünlük təşkil edir. Bu səbəbdən kürd kəsimi Ərdoğanın əleyhinə çıxış edir. İsatnbul seçkilərində kürd elektoratının səsləri AKP-nin məğlubiyyətinə səbəb oldu. Əslində kürdlər CHP-yə deyil, sadəcə Ərdoğanın əleyhinə səs verdilər.
 
AKP-nin üçüncü elektoral dayağı isə liberal kəsim idi. Doğrudur, liberallar siyasi güc kimi Türkiyədə müəyyən çəkiyə malik deyillər. Onlar seçkilərdə 1-2 faizdən artıq səs toplaya bilmirlər. Amma Türkiyədə liberal kəsimi təmsil edən, müraciətləri keçərli olan, insanlara ciddi təsir göstərə bilən çoxluq var. Liberallar kamalist türkçülərin dindarlara qarşı həddindən artıq təzyiq siyasətinə qarşı çıxaraq Ərdoğanı dəstəkləyirdilər. Lakin son illər bu kəsim də Ərdoğandan uzaqlaşıb. AKP hakimiyyətinin xüsusi ilə insan haqları və söz azadlığı sahəsində apardığı siyasət liberal kəsimi Ərdoğanın əleyhdarına çevirib. Beləliklə, bir neçə daxili faktor var ki, Ərdoğanın vəziyyətini ağırlaşdırır. Bu gün o, yalnız millətçi və dindar kəsimə arxalana bilir. Onun dəstəyini təmin edən digər amillər artıq aradan qalxıb. Xarici amillərdən isə ümumiyyətlə danışmağa dəyməz. Ərdoğanın siyasətində Qərblə münasibətlərin kəskinləşməsi xüsusi xətdir və bu da onun əleyhinə işləyən faktordur. 

- "Ərdoğanı kim əvəzləyə bilər” sualı da aktuallaşıb. Siz necə düşünürsünüz, Ankara meri Mənsur Yavaşın Türkiyənin növbəti prezidenti olmaq şansı nə qədərdir? Kamal Kılıçdaroğlu, Əhməd Davıdoğlu, Süleyman Soylu, Əkrəm İmamoğlu kimi Türkiyə siyasi elitasının azmanları Ərdoğana ciddi rəqibdirlərmi?

- Konkret namizədlərin şanslarını dəyəndirmək çox çətindir. Bununla belə, düşünürəm ki, Kamal Kılıçdaroğlu vahid namizədi kimi qeyri-məqbuldur. Xarizmatik lider deyil. Müşahidələrimə görə, nüfuzu sədri olduğu partiyadan daha aşağıdır. Kütləni arxasınca aparmaq üçün xarizması çatışmır. Mənsur Yavaşa gəlincə, o, daha yararlı fiqurdur. Mənsur Yavaş əvvəllər MHP-nin sıralarında olub. Bu baxımdan, onun ritorikası kamalistlərlə yanaşı dindar və millətçi kəsimə də yaxındır. Əgər koalisiya yaranarsa, islahatlarla bağlı birgə vahid platforma hazırlaya bilərlərsə, onun vahid namizəd olması bir qədər məntiqə uyğundur. Əkrəm İmamoğlu da maraqlı fiqurdur. Lakin düşünürəm ki, o, millətçi və dindar kəsim üçün yaddır. Onun İstanbul seçkilərində qalib gəlməsi kifayət qədər xarizma və populizm nümayiş etdirməsi ölkə üzrə uğurlu nəticə əldə edəcəyinə dəlalət etmir. Süleyman Soyluya gəlincə, İstanbul seçkiləri göstərdi ki, Ərdoğanın komandasında özündən başqa komandasına daxil olan şəxslərdən hər hansı birinin növbəti seçkilərdə qalib gəlməsi mümkün deyil. Əhməd Davudoğlu isə vaxtilə Ərdoğanın komandasında olub. Lakin o, kütlə üçün həddindən artıq akademik liderdir. Bu baxımdan, onun uğur qazana biləcəyini düşünmürəm. Real görünməsə də, bir amil var: Türkiyənin keçmiş Prezidenti Abdullah Gül. O, seçkilərin nəticələrinə təsir edə biləcək fiqurdur. 
 
- Bəs seçkilərdə Türkiyənin sol düşərgəsinin şansı nə qədərdir? 

- Əslində, Türkiyədə sol düşərgə deyiləndə CHP başa düşülür. Baxmayaraq ki, partiyanın solçu təsisat olması kifayət qədər mübahisəlidir. CHP seçicilərin 30 faizini arxasınca apara bilir. Belə bir şəraitdə bu partiyanın təkbaşına hakimiyyətə gəlməsi qeyri-mümkündür. CHP bütün hallarda koalisiya ilə hakimiyyətə gəlməlidir. Bu koalisiya isə millətçilərin bir hissəsini təmsil edən İyi Parti və Əhməd Davudoğlu ilə Əli Babacanın ətrafında birləşən mötədil dindarlarla qurula bilər. Yuxarıda qeyd etdim ki, növbəti seçkilərdə kürd kəsimi də Ərdoğanın əleyhinə səs verəcək. Lakin yenə də deyirəm ki, Türkiyədə solçuların təkbaşına hakimiyyətə gəlməsi ehtimalı sıfra bərabərdir.
 
- Türkiyə Suriyaya girəcəyini bəyan edir. Bu halda Türkiyənin terror dalğası ilə üzələşəcəyi istisna olunmur. Sizcə, PKK terroru ölkənin içərilərinə çəkə bilərmi? 

- Suriyadakı vəziyyət Ərdoğna üçün önəmlidir. Ümumiyyətlə, hazırki şərtlər daxilində Ərdoğan fəal aqressiv xarici siyasət yürütmək zorundadır. Bu baxımdan, Türkiyənin Suriyaya girəcəyi real görünür. PKK-ya gəlincə, kürd terroru çoxdan Türkiyənin içindədir. Təəssüf ki, AKP hakimiyyəti dövründə onların mövqeləri güclənib. Türkiyə Suriyaya girəcəyi təqdirdə terror təhlükəsi artacaqmı? Kifayət qədər real görünür. Bu addımın seçkilərə təsir edib-etməyəcəyinə gəlincə, düşünürəm ki, türk toplumu terror təhlükəsinin artdığını görüb Ərdoğanın ətrafında birləşə bilər. Amma bunun əks-təsiri də ola bilər. Ərdoğanın yürütdüyü siyasət nəticəsində terrorun artması onu ittiham tərəfinə çevirə bilər. Amma mən birinci versiyaya üstünlük verirəm. Düşünürəm ki, seçkilər yaxınlaşdıqca Ərdoğanın xarici siyasəti daha çox hücumçu xarakter alacaq. 

- Sizcə, Moskva Ankaranın bu addımını necə qarşılayacaq? 

- Rusiya Ankara ilə alver edəcək. Özü də bu alverdə Ərdoğanın əli daha güclüdür. Çünki hazırda Rusiyaya normal münasibət bəsləyən böyük ölkələrin sayı o qədər də çox deyil. Bunların arasında təəssüf ki, Türkiyə də var. NATO üzvü olmasına baxmayaraq, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və müəyyən sahələrdə Moskva ilə əməkdaşlıq edir. Bu baxımdan, Türkiyənin hazırki mövqeyi Putin üçün çox vacibdir. Türkiyənin üstünlüyünü artıran başqa amil də var. Belə ki, kürdlərin nəzarətdə saxladığı ərazilərin böyük hissəsi ABŞ-ın təsir dairəsindədir. ABŞ-la Türkiyə arasında münasibətlərin gərginləşməsi isə Rusiyanın maraq dairəsindədir. Digər tərəfdən, Ərdoğanın hakimiyyətdə qalması Putinin maraqlarına cavab verir. Çünki onun əleyhdarı kimi çıxış edən koalisiyanın ən azı iki qüvvəsi, ilk növbədə CHP və Əhməd Davudoğlu ilə Əli Babacanın ətrafında biləşən islamçılar Qərblə münasibətlərin yaxşılaşdırılması, müttəfiqlik münasibətlərinin genişdləndirilməsi mövqeyindən çıxış edirlər. Onlar Ərdoğnaı əvəzləyəcəyi təqdirdə böyük ehtimalla Türkiyə-Rusiya münasibətlərində ciddi problemlər yaranacaq. Düşünürəm ki, Rusiya Ərdoğanın daxili siyasətdə istifadə etmək üçün kiçik uğurlar qazanmasına imkan verə bilər. Amma kürd faktorunun siyasi və hərbi güc mərkəzi kimi tamamilə sıradan çıxarılmasına nə Suriya, nə də İraq imkan verəcək. Çünki bu, Rusiya üçün strateji məsələdir. Kürd separatizminin mövcudluğu Rusiyanın da maraqlarına cavab verən amildir. 
 
- Son günlər Azərbaycanda yenidən İran təhlükəsi barədə ucadan danışmağa başlayıblar. Bu da səbəbsiz deyil. Müşahidələr göstərir ki, Tehran Azərbaycanda faəllaşmağa başlayıb. Ehtimal olunur ki, bu, Azərbaycanın İsraildə səfirlik açmaq istəyi ilə bağlıdır... 

- Düşünürəm ki, Azərbaycan-İran münasibətlərindəki dəyişiklikləri "mövsümi faktorlarla” əlaqələndirmək sadəlövhlük olardı. Hər iki dövlətin qısa və uzunmüddətli maraqları var. İranın uzunmüdətli maraqları üçün Azərbaycanın mövcudluğu ciddi təhlükədir. Səbəblər bəllidir. Cənubi Azərbaycan faktoru da bu sıradadır. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan-İsrail münasibətləri rəsmi Tehran üçün sadəcə bəhanədir. İran bu amildən istifadə edərək anti-Azərbaycan siyasətinə bəraət qazandırmağa çalışır. Azərbaycan 30 ildən artıqdır ki, müstəqildir. Bu müddətdə İranın Azərbaycanı müdafiə etdiyi heç bir dövr olmayıb. İranın Fələstin məsələsindəki mövqeyini Azərbaycan-Ermənistan münaqişəsindəki mövqeyi ilə müqayisə edərkən, bu, aydın görünür. İsraillə İranın heç bir münasibəti yoxdur. Tehran İsraili müsəlman dünyasının düşməni elan edib. Amma Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanla həm diplomatik, həm də çox yaxşı iqtisadi münasibətləri var. Ermənistan da İranı özü üçün dost dövlətlər siyahısına salıb. İsrail Azərbaycanı yalnız siyasi deyil, həm də hərbi baxımdan dəstkləyir. İki ölkə arasında hərbi sənaye kompleksi çərçivəsində çox geniş əlaqələr var. Həm silah satırlar, həm də müəyyən silah növlərinin istehsalında fəal iştirak edirlər. Azərbaycanın İsraildə səfirlik açmasını şərtləndirən daha iki faktor var. İsrail son illər ərəb dünyası ilə münasibətlərini qaydasına salmağa çalışır və buna nail olur. Əvvələr yalnız Misir və İordaniyanın İsraillə münasibətləri var idi. İndi bu coğrafiya genişlənir. Bu baxımdan Azərbaycanın İsraillə münasibətlərini daha da genişləndirməsi ərəb dünyasında ciddi etirazlara səbəb ola bilməz. İkinci ciddi amil qlobal proserlərdir. Məhz qlobal Qərb-Rusiya və onunla bağlı beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində ehtimal olunan dəyişikliklərdir. Bu dəyişikliklər Azərbaycanı daha fəal xarici siyasət yürütməyə təhrik edir. Səfirlik isə çox ciddi və operativ kommunakisya vasitəsidir. Bu halda münasibətlərin genişləndiriməsi çox vacib ola bilər. Erməni lobbisinin xaricdəki mövqelərini də nəzərə alsaq, bu, artıq zərurətə çevrilib. 

Vidadi Məmmədov