Dünya 11:15 06.10.2022

Səfərbərlər olunanlar üsyana qalxdı: Cəbhəyə getməkdən imtina etdilər

Çərşənbə günü axşam Rusiyayönlü "Rıbar" "Telegram" kanalında səfərbər edilmiş rusiyalıların "barbar şəraitdən" şikayətləndiyi video yerləşdirilib. 

Qaynarinfo xəbər verir ki, bu videonun dərcindən bir neçə saat əvvəl görüntülərin müəllifi "Agentstvo.Novosti”yə onun Belqorod vilayətinin Livenka kəndi yaxınlığında yerləşdiyini bildirib.

Videoda müəllif və hərbçilər Belqorod vilayətində olduqlarını bildirir. Ümumilikdə 500-ə yaxın adamın olduğu videoda hər kəsdə silah var, eyni zamanda heç bir hissəyə təyin edilməyiblər. Hərbçilər bir həftəni "heyvan şəraitində” keçirdiklərindən şikayətlənirlər. Verilən silahlar onların üzərində yazılmayıb və səfərbər olanlar özləri aldıqları qidaları yeyirlər.

Sosial şəbəkədə bu hərbçilərin lentə aldığı daha bir neçə video paylaşılıb. Onlardan birində özünü Kovrıjnı Artem Alekseyeviç kimi təqdim edən hərbçi deyir ki, o, 1-ci Taman diviziyasının, 1-ci tank taborunun, 3-cü motoatıcı bölüyünə göndərilib. Videonun müəllifinin sözlərinə görə, səfərbər olunan insanlar altı gün özlərinin qazdıqları səngərlərdə yaşayıblar. "Biz heç yerə getməyəcəyik, sizdən kömək gözləyirik, dövlətə etiraz edirik, tətil edirik, ora getməyəcəyik”, Kovrıjnıx deyir.

Videoların birində müəllifin üzü görünür. "Azadlıq radiosu”nun müxbiri Mark Krutovun məlumatına görə, bu, Sergey Surkov adlı şəxsdir. "Agentstvo”nun məlumatına görə, bu, onun əsl adı deyil, "VKontakte” sosial şəbəkəsindəki ləqəbidir. Keçən həftə Sergey Surkov daha bir video yayımlamışdı. O, orada "1-ci tank alayı"nın səfərbərlərinin təlimsiz Xersona göndərilməsi haqqda danışırdı. Bu video yayımlanandan sonra "Agentstvo” müəlliflə əlaqə saxlayıb, sonra o bildirib ki, vəziyyət kökündən dəyişib və rəhbərlik təlimlərə başlamağa söz verir.

Çərşənbə günü günorta Sergey Surkov "Agentstvo"nun  müxbirinə yazıb ki, "heç bir təlim olmayıb, biz bir həftədir ki, Belqorod yaxınlığında, Livenka kəndində heyvan şəraitində yaşayırıq". "İndi kim olduğumuz, harada olduğumuz və bundan sonra nə etməli olduğumuz barədə heç bir anlayış yoxdur", deyə Surkov əlavə edib.

Nizami Bağırov