Səbuhi Həsənov
İdman 12:30 23.09.2022

Sevinmək istəyirəm, amma...

Uğur, həmişə uğurdur. Fərqi yoxdur onu necə, harda, hansı yolla qazanırsan. Futbol elə bir idman növüdür ki, bir qələbə qazansan belə, onun gətirdiyi sevinc xeyli müddət davam edir. Amma bu, daha çox cırtdan ölkələrə, daimi qələbə qazanmaq potensialına malik olmayan, nadir hallarda belə sevinc yaşayan yığmalara aiddir. Yəni onlar bir qələbədən uzun müddət təsəlli ala bilərlər…

Canni De Byazinin başçılıq etdiyi yığmamız da dünən qələbə qazandı. Özü də səfərdə, Slovakiya üzərində. Bəlkə də cırtdan və iqtisadi cəhətdən zəngin olmayan ölkələr kimi bir müddət biz də bu qələbəyə sevinəcəyik. Hətta eyforiyaya da qapılacağıq. Bir çoxlarımızda (şəxsən məndə yox) böyük ümidlər yaranacaq. Yəqin ki, dünənə qədər De Byazini oyun üslubuna görə tənqid edənlərin bəziləri bu gün, sabah, ən azı Qazaxıstanla oyuna qədər onu tərifləyəcək, "əhsən”, "əla”, "belə olmalıdı” kimi fikir söyləyəcəklər. Söyləsinlər…

Ancaq azərbaycanlı futbolsevərlər, "stajlı” azarkeşlər yaxşı bilir ki, bu, millimizin gözəl oyun deyil, bir qədər əzmkarlığın, bəxtin gətirməsi hesabına qazanılan təsadüfi qələbələrindən biridir. Əslində, reytinqi yüksək olan komandalara qarşı müxtəlif turnirlərdə və yoldaşlıq oyunlarında belə qələbələr, yaxud xallar qazanmışıq. Slovakiyanı da vaxtilə büdrədə bilmişik. Amma əksəriyyəti, xeyr, demək olar, hamısı növbəti mərhələyə yüksəlmək baxımından o qədər də əhəmiyyət kəsb etməyib. Hətta belə oyunlardan bəzilərinin siyahısını nəzərinizə də çatdırım:

Azərbaycan - Portuqaliya 1:1 (1999 - AÇ-nin seçmə mərhələsi)
Azərbaycan - Slovakiya 2:1 (2001 - DÇ-nin seçmə mərhələsi)
Azərbaycan - Rusiya 1:1 (2009, 2013 - hər ikisi DÇ-nin seçmə mərhələsi)
Azərbaycan - Türkiyə 1:0 (2010 - AÇ-nin seçmə mərhələsi)
Azərbaycan - Belçika 1:1 (2011 - AÇ-nin seçmə mərhələsi)
Norveç – Azərbaycan 0:0 (2015 - AÇ-nin seçmə mərhələsi)
Azərbaycan – Xorvatiya 0:0 (2015 - AÇ-nin seçmə mərhələsi)
Azərbaycan – Norveç 1:0 (2016 - DÇ-nin seçmə mərhələsi)
Çexiya – Azərbaycan 0:0 (2016 - DÇ-nin seçmə mərhələsi)

Yəni, müəyyən reytinq cəhətdən yüksək olan rəqiblərə "badalaq” verib xal qoparda bilmişik. Lakin çifayda… Bütün bunlar yalnız millini illərdir bərbad vəziyyətə salan, perspektivini "öldürən” AFFA-ya və qurumun milyonlar xərclədiyi faydasız baş məşqçilərə və legionerlərə "xal” qazandırıb. Əslində isə reallıq olduğu kimi qalır. Slovakiyanın səfərdə məğlub edilməsi millimizin heç də güclü olduğundan xəbər vermir. İlk qolu vurandan sonra sırf müdafiəyə çəkilən, rəqibə şərait yaradan və hücum etməyi düşünməyən, cərimə meydançasında düşüncəsiz addım atmaqla penaltiyə səbəb verən, nəticədə qapısında qol görən bir komandanın güclü olduğunu fikirləşmək belə absurddur. Yenə "Qarabağ” nümunəsini göstərmək istərdim. Amma Ağdam klubunun futbolçularının çoxluq təşkil etdiyi komandanı fərqli, öyrəşmədikləri üslubda oynadan bir məşqçiyə nəsə tövsiyə vermək artıqdır. İllərdir eyni problemlərlə üz-üzəyik və bunlar həll olunmur ki, olunmur.

Hə, yəqin bundan sonra De Byazinin komandada qalmasının vacibliyini düşünənlər də tapılacaq. Mən isə əminliklə söyləyirəm - GETMƏLİDİR! Milliyə baş məşqçi təyin olunandan hələ ki, normal startegiya, sistem formalaşdıra bilməyən, ultramüdafiə, "vur qabağa” üslubuna üstünlük verən, qoldan sonra hücuma keçməyə cəsarət etməyən bir məşqçinin komandada qalmasına ehtiyac görmürəm. Hə, insan kimi ona sözüm yoxdur, mədəni, Azərbaycan mentalitetini qəbul etməyə çalışan, dar günlərdə ölkəmizə dəstəyini nümayiş etdirən bir mütəxəssisdir. Yəni o, Azərbaycandan keçmiş, almaniyalı baş məşqçi Berti Foqts kimi hörmətsiz şəkildə getməyəcək. Amma futbol baxımından yığmamıza nəsə verəcəyinə şəxsən inamım yoxdur. Yəni, bu vəziyyətdə yığmamızı hansısa səviyyəyə daşımaq onluq deyil. Ona görə də cari tsikl bitəndən sonra onun vəzifəsindən istefa verib, "üzüsulu” gedəcəyinə ümid edirəm. 

Digər məsələ - De Byazi Azərbaycana gələndə yerli futbolçuların inkişafına nail olmaq istədiyini demişdi. Amma Slovakiya ilə oyunda onun meydana çıxardığı "11-lik”də Azərbaycan futbolunun cəmi 2 yetirməsi oynadı. Deməli, xeyli müddətdir Azərbaycanda olmasına baxmayaraq, AFFA qarşısında xarakter nümayiş etdirə bilməyən italiyalı verdiyi vədə sadiq qala bilmədi. Yenə komandanı AFFA yığdı, eddiləri, höccətləri, kökçüləri baş məşqçinin sərəncamına verdi. Deməli, hələ belə təsadüfi qələbələrə sevinmək tezdir. Hazırkı "siyasət” davam etdiyi müddətdə biz ancaq belə təsadüfi qələbələrə sevinə-sevinə qalacağıq. Mən isə, məsələn, Avropa və dünya çempionatlarının final mərhələsinə vəsiqəni təmin etdiyimiz qələbələrə sevinmək istəyirəm. Amma...

Səbuhi Həsənov