Sənət 18:27 05.12.2022

“Sirk Oskarı”nın ilk azərbaycanlı mükafatçısından yeni proqram

Bakı Dövlət Sirkində nağıl dolu yeni il şousu yaşanacaq.

Bu barədə Qaynarinfo-ya qurumun mətbuat katibi Gülşanə Mustafayeva məlumat verib. O bildirib ki, "Güzgülər dünyası" adlı sirk proqramında beynəlxalq sirk ustaları tamaşaçılara  macəra dolu anlar yaşadacaqlar:

"Sirk proqramının təşkilatçısı 2012-ci il – Monte-Karloda keçirilən 36-cı Dünya Beynəlxalq Sirk Festivalında Sirk Oskarının ən yüksək ödülü "Sirk Oskarı”nın ilk azərbaycanlı mükafatçısı Allahverdi İsrafilovdur. "Güzgülər dünyası” yeni il şousunun hekayəsində şər qüvvələri ilə xeyirxah şahzadənin mübarizəsindən bəhs olunur. Adi günlərdən fərqli olaraq istirahət günlərində də bir gündə 4 seans proqram nümayiş olunacaq. Müasir dünya sirkinə keçid etməyi qarşısına hədəf qoyan Bakı Dövlət Sirki bu şouda musiqili rəqs nömrələri ilə sözün əsl mənasında hər kəsi təəcübləndirəcək. Hava gimnastlarının baş gicəlləndirən çıxışı, klounların yumor dolu jestləri, balet şousu, transformasiya illüziyası kimi digər nömrələr builki Yeni il şousunu unudulmaz edəcək”.

Mətbuat katibi deyir ki, sehirli "Yeni il” proqramı dekabr ayının 17- də start götürəcək və yanvar ayının 8-nə kimi davam edəcək.

Bahar