İdman 15:48 12.09.2022

Skolari "Çelsi"dən getməsinin səbəbini açıqladı: "Anelka və Droqbaya görə..."

Braziliya millisini 2002-ci ildə dünya çempionluğuna daşıyan baş məşqçi Luis Felipe Skolari bir müddət "Çelsi"də də çalışdı. 

Qaynarinfo xəbər verir ki, onun rəhbərliyi altında "Zadəganlar" İngiltərə Premyer Liqasında dördüncü yeri tutmasına və Çempionlar Liqasında yaxşı davam etməsinə baxmayaraq, braziliyalı 2009-cu ilin fevralında, "Çelsi"nin baş məşqçisi olduqdan cəmi 7 ay sonra klubdakı vəzifəsindən getdi. Onun gedişi əslində heç də nəticələrə görə olmayıb. Bu haqda "The Sun"a danışan Skolari, "Çelsi"dən qovulmasının səbəblərinin başqa olduğunu bildirib. Mütəxəssis hesab edir ki, Didye Droqba və Nikola Anelka kimi əsas oyunçularla mübahisədən sonra "Çelsi"dən ayrılmalı olub. 

Skolari klubdan ayrılması ilə bağlı açıqlamasında bunun nəticələrə heç bir əlaqəsi olmadığını bildirib. O, komanda daxilində, zədəli futbolçularla bağlı bəzi problemlər olduğunu etiraf edib:
 
 

"Anelka və Droqba. Tibb şöbəmiz düşündü ki, Droqbanın yayın ortasında Kannda sağalmasına icazə verməliyik. Mən onun Londonda qalmasını istədim. Yayın ortasında mən də Kanna getmək istərdim, bir-iki ay orada qalıb kef çəkərdim. Buna baxmayaraq ona Kanna getməyə icazə verildi. Geri qayıdanda Droqba və Anelkanın birlikdə uyğunlaşa biləcəyi komanda formalaşdırmağa çalışdım. Anelka liqanın bombardiri idi. Görüşümüz oldu və o, yalnız bir mövqedə oynaya bildiyini söylədi. Beləliklə, bir az dostluq, hörmət, Droqba ilə birlikdə oynamağa çalışmaq əskikliyi var idi. Onların hər ikisi əla idi, amma kimsə fərqli bir şey etməli, topu itirəndə kömək üçün geri qayıtmalı idi. Droqba ilə sonuncu dəfə 2018-ci ildə Rusiyada görüşüb, bu barədə açıq danışmışdıq. Onun və Anelkanın heç bir pis niyyəti yox idi. Amma bu, baş verdi və mən həyatımın böyük şanslarından birini itirdim”.

O, İngiltərədə işləmək istədiyin də söyləyib:

"İngiltərədə işləməyə davam etmək istəyirdim. İstənilən klubda çalışardım. Düşünürəm ki, bu, ecazkardır. Biz "Portsmut" və "Sanderlend"ə qarşı oynamağa getmişdik. 20 min tamaşaçı tutan stadionlarda 19 min nəfər öz şəhərinin komandasını alqışlayır. Məncə, bu, həqiqətən də gözəldir. Onlar böyük klubları yox, öz komandalarını dəstəkləyirlər".

Skolari Abramoviçin rəhbərliyi altında Klaudio Ranyeri, Joze Mourinyo və Avram Qrantın ardınca "Çelsi"nin dördüncü baş məşqçisi olub. Braziliyalı mütəxəsis buna qədər İngiltərədə heç vaxt komanda çalışdırmamışdı. 73 yaşlı Skolari Cənubi Amerikada rəhbərlik etdiyi komandalarla saysız-hesabsız mükafatlar, Libertadores Kubokunu da qazanıb. 

Səbuhi Həsənov