Fransada bir qadın prezident Emmanuel Makronu Facebook-dakı paylaşımında "çirkab” adlandırdığına görə mühakimə olunacaq.
Qaynarinfo "Avropa həqiqəti”nə istinadla xəbər verir ki, bu barədə Fransanın şimalındakı Sen-Omer şəhərinin prokuroru Mehdi Benbuzid AFP agentliyinə deyib.
İyun ayına təyin edilmiş məhkəmədə təqsiri sübuta yetirilərsə, qadını 12 min avro cərimə gözləyir.
50 yaşlı Valeri cümə günü saxlanılıb və bölgənin yerli administrasiyası onun Facebook-dakı paylaşımından şikayət etdikdən sonra sorğu-sual olunmaq üçün nəzarətə götürülüb.
Şikayət, Makronun mübahisəli pensiya islahatını müdafiə etmək üçün TF1-ə müsahibə verməsindən bir gün əvvəl, martın 21-də Facebook səhifəsində bir yazı ilə bağlı olub.
"Bu çirkab sizin üçün saat 13:00-da çıxış edəcək... Biz bu çirkabı həmişə televizorda görürük", - deyə yazıb.
Qadın 2018-2019-cu illərdə Makronun ilk prezidentlik dövründə hakimiyyətini sarsıdan "sarı jiletlilər” etirazlarının tərəfdarı olub. İndi o, "respublika prezidentini təhqir etməkdə” ittiham olunur.
Yerli "La Voix du Nord” qəzetinə verdiyi şərhdə qadın ondan nümunə yaratmaq istədiklərini bildirib. O qeyd edib ki, cümə günü səhər polislər evinə gələrək onu saxlayıblar.
"Mən onlardan soruşdum ki, yəqin bu zarafatdır, mən heç vaxt həbs olunmamışam. Mən bir nömrəli xalq düşməni deyiləm", - o deyib.
Planlaşdırılan pensiya islahatı Fransada çox populyar deyil. Fransızların təxminən dörddə üçü hökumətin onu geri çəkməli olduğunu düşünür.
Pensiya islahatına qarşı etirazlar yanvar ayında başlayıb və bitməsi planlaşdırılmır.
Alpər
Şərhlər