Dünya 10:00 12.08.2022

Türkiyə Ermənistanla birbaşa ticarət əməliyyatlarının tərəfdarıdır - XİN-dəki mənbə

Türkiyə Ermənistanla birbaşa ticarət əməliyyatlarının aparılmasının tərəfdarıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Anadolu” agentliyinə ölkənin Xarici İşlər Nazirliyindəki anonim mənbə bildirib.

Adının çəkilməsini istəməyən yüksək vəzifəli mənbə Ermənistanla birbaşa ticarətin qarşılıqlı faydalı ola biləcəyinə əminliyini ifadə edib.

Onun sözlərinə görə, bu gün Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi ildə 230 milyon dollara yaxındır. İki ölkə arasında hər il orta hesabla Gürcüstan ərazisindən yük daşıyan 15 min yük maşını keçir.

"Türkiyə nöqteyi-nəzərindən Ermənistanla ticarətin hazırkı göstəricisi nisbətən kiçikdir, amma əslində söhbət milyonlarla əhalisi olan bir ölkənin (Ermənistan) bazarından gedir. Əgər tərəflər kifayət qədər çeviklik təmin edib, münasibətləri bir araya gətirə bilsələr, bu, müsbət məqama çatacaq, o zaman vəziyyət həm Türkiyənin, həm də Ermənistanın maraqlarına uyğun olacaq”.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin "A Haber” telekanalı bu ilin sentyabrında Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında danışıqların beşinci raundunun keçiriləcəyini elan etmişdi. Kanalın mənbəsi bildirib ki, Ankara üçüncü ölkədə erməni-türk danışıqlarının aparılmasına qarşıdır. Bu arada Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan Sputnik Ermənistan-a bildirib ki, hazırda Ermənistan və Türkiyə arasında dialoq çərçivəsində yeni görüşlə bağlı razılıq yoxdur.
 
Alpər