Dünya 15:30 12.08.2022

Türkiyə razılıq verməsə, İsveç və Finlandiya NATO-ya üzv ola biləcək? (ŞƏRH)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə, İsveç və Finlandiyadan olan nümayəndələr 26 avqustda ortaq bəyannamə ilə bağlı görüş keçirəcəklər. Çavuşoğlu təəssüflə onu da qeyd edib ki İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməyib: "Hələ ki, bir addım atıldığını belə görməmişik”. 

Xatırladaq ki, İsveç və Finlandiya bir çox PKK terrorçularının sığındığı ölkələr sırasında yer alır. Stokholm və Helsinskinin NATO-ya üzvlük məsələsi gündəmə gələn zaman Türkiyə məhz bu amili nəzərə alaraq həmin ölkələrin quruma üzv olmasına "veto" qoyacağını bildirmişdi. Türkiyə bu məsələdə NATO-nun təhlükəsizliyini əsas götürərək, ora üzv olmaq niyyətində olan ölkələrin terroru dəstəkləməsinin yolverilməz olduğunu qeyd edirdi. Hətta NATO Baş katibi belə Türkiyənin haqlı olduğunu etiraf edib. 

Sonradan aparılan danışıqlar nəticəsində İsveç və Finlandiya Türkiyənin istəyinə uyğun hərəkət edəcəyini, bununla bağlı qanunvericilikdə bəzi dəyişikliklərə gedəcəyini bəyan etdi. Bu fonda da artıq ABŞ daxil NATO üzvü olan bir çox ölkələr həmin iki ölkənin Şimali Avroatlantika Alyansına üzvlüyünə yaşıl işıq yandırdılar. Amma görünən odur ki, deyilənlərin əksinə olaraq, nə Finlandiya, nə də İsveç hələlik üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqmaətində heç bir addım atmayıb. 

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Nəsimi Məmmədlinin fikrincə, Türkiyənin iddiası qəbul olunmasa, sözügedən iki ölkənin Alyansa qəbulu mümkün olmayacaq:



"Türkiyənin yanaşması haqlıdır və onun milli maraqlarına tam cavab verən mövqedir. Türkiyənin təhlükəsizliyi üçün PKK ciddi təhdid qaynağıdır. Ona görə də irəli sürdüyü iddialar təmin edilmədən Ankara hər hansısa bir ortaq bəyanata imza atmayacaq. Məsələnin mahiyyəti təhlükəsizlik, birgə müdafiə olunmaqdan ibarətdirsə, Finlandiya və İsveçin hərəkətində isə hələ də tamamilə onun əksi müşahidə olunur. Ankaranın istəyi bu fonda qəbul edilməsə, avqustun 26-da keçiriləcək görüşün də bir nəticəsi olmayacaq. Konkret addım atılmadan Türkiyə bu məsələdə geri addım atmayacaq. Ya Türkiyənin iddiası qəbul olunacaq, ya da İsveçlə Finlandiyanın NATO-ya üzvlük məsələsi ertələnəcək”.

Rüfət Sultan