Dünya 11:28 24.01.2023

Uduşlu kombinasiya: “Leopard”, “Bradley” və “Marder”i alsa, Ukrayna üçün nə dəyişəcək?

"Bu, növbəti onillik ərzində Ukraynanın və deməli, Avropanın təhlükəsizliyini təmin edəcək…”

Qaynarinfo hərbi kəşfiyyat zabiti, Portsmut universitetində Hərbi strategiya və hüquq üzrə müəllim Frenk Ledvicin təhlil yazısını təqdim edir.

Böyük Britaniyanın Baş naziri Boris Conson 2021-ci ilin noyabrında hökumətinin hərbi ixtisarını müdafiə etmək üçün İcmalar Palatasının Müdafiə komitəsinin qarşısına çıxanda o, "Avropada böyük tank döyüşlərinin aparılması ilə bağlı köhnə konsepsiyaların sona çatdığını" bəyan etdi. Həmin zaman komitənin sədri Tobias Elvud qeyd etdi ki, Böyük Britaniya öz tank qüvvələrini ixtisar edərkən Rusiya Ukrayna sərhədində məhz tanklar cəmləşdirir.

Cəmi bir ildən sonra Ukraynada 11 aylıq münaqişə zamanı ağır tank döyüşləri Elvudun qorxularını təsdiqləyir. Bir müddətdir ki, Ukrayna müttəfiqlərindən daha çox və daha yaxşı silah sistemləri, məsələn, uzaq mənzilli artilleriya və təyyarələr üçün yalvarır.
Lakin bu siyahıda birinci yeri əsas döyüş tankları (ƏDT) tutur. Güclü silahları, sürəti və ağır zirehləri ilə tanklar ərazini ələ keçirmək üçün lazım olan qarşısıalınmaz gücü və sürəti təmin edir. İndiyədək Polşa və Çexiya tərəfindən hədiyyə edilmiş bir neçə sovet T72 tankı (lakin Çexiya və Polşa mühəndisləri tərəfindən modernləşdirilmiş) istisna olmaqla, NATO ölkələrindən Ukraynaya tank verilməyib. 

Lakin yanvarın 16-da Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Britaniyaya məxsus 227 ədəd "Challenger 2” tankından 12-nin veriləcəyini elan etdikdən sonra vəziyyət dəyişdi.

Onlar çox effektivdir və Rusiyanın qarşıya qoya biləcəyi sistemlərin bir çoxunu üstələyir. Ancaq əhəmiyyətli üstünlük əldə etmək üçün onların sayı hələlik çox az olacaq.

Əgər Almaniya Polşa və Finlandiyaya məxsus, lakin Almaniyada istehsal olunan "Leopard” tanklarının Ukraynaya çatdırılmasına icazə verərsə, Ukraynanın ƏDT ehtiyatları çoxalacaq. Bu, bir sıra digər ölkələrin də eyni addımı atmasına səbəb olacaq. 

Ukraynalıların ala biləcəyi nisbətən köhnə "Leopard 2 A4” variantları müharibələrin "qalib tank”ları sayılmır, xüsusən də onların təhvil veriləcəyi ehtimal olunan sayda. Lakin Ukraynanın təhlükəsizliyi üçün daha önəmlisi, onlar Qərbin dəstəyinin tədricən dəyişməsini və Ukraynanın getdikcə daha təkmilləşmiş NATO avadanlığı ilə təchiz edilməsi istiqamətində irəliyə doğru addımı göstərirlər. 

Ümumqoşun müharibəsi

Almaniya və ABŞ bu yaxınlarda Ukraynaya "Marder” və "Bradley” piyada döyüş maşınlarını (PDM) göndərəcəklərini açıqlayıblar. PDM-lər piyadaları döyüşə aparır. Bu maşınların effektivliyi şübhə doğurmasa da, onlar tək işləmək üçün nəzərdə tutulmayıblar.

Tankların köməyə gəldiyi yer budur. Müharibənin əvvəlində Rusiya piyada bölmələri tərəfindən atılan tank əleyhinə idarə olunan raketlər (TƏİR), o cümlədən məşhur Javelins və NLAW-lar səbəbindən yüzlərlə tankını itirib. Tank ekipajları çox vaxt TƏİR-lərlər silahlanmış bölmələri görməkdə çətinlik çəkir və onlar əlverişsiz vəziyyətə düşür. 

Beləliklə, tankları TƏİR-lərdən qorumağın ən yaxşı yolu piyada qoşununuzu özünüzlə gətirməkdir. Siz bunun üçün "Bradley” və "Marder” kimi PDM-lərdən istifadə edirsiniz. Onlar enərkən piyadaları mühafizə etmək üçün avtomatik toplar və pulemyotlarla təchiz olunublar.

Öz növbəsində, bu yüngül zirehli piyada döyüş maşınları tanklara qarşı həssasdır. Beləliklə, bir-biri ilə sıx əlaqədə olan və artilleriya ilə təmasda olan piyadaların döyüş maşınları və tankları effektiv "ümumqoşun müharibəsi" üçün zəruridir – quruda olan döyüşlərdə uğurun açarı budur.

Belə görünür ki, bir neçə NATO ölkəsi 100 ədəd "Leopard 2A4”, həmçinin 100-ə yaxın "Bradley” və "Marder”dən ibarət briqada yaratmaq üçün qüvvələri birləşdirəcək.

Köhnə, lakin səmərəli

"Leopard 2A4”lər 1986-cı ildən 1992-ci ilə qədər istehsal olunub (baxmayaraq ki, o vaxtdan onlar xeyli modernləşdiriliblər) - onlar köhnədir, lakin Rusiya tank qüvvələrinə qarşı effektiv olacaq. Lakin Türkiyənin Suriyadakı təcrübəsindən göründüyü kimi, əlavə zireh olmadan bu tanklar TƏİR-lərə qarşı həssas ola bilər.

NATO tankları T64, T72 və T90-ın bir çox variantı kimi bu müharibədə hər iki tərəfin istifadə etdiyi Rusiya tanklarından daha ağır və daha yaxşı qorunur. Bu, NATO-nun kəmiyyətdən çox keyfiyyətə ənənəvi diqqətini əks etdirir.

Etibarlı qiymətləndirmələrə görə, Rusiya Ukraynada istifadə etdiyi tankların təxminən üçdə ikisini itirib - onlar ya məhv edilib, ya da ələ keçirilib. Lakin dizaynı ilk dəfə 2017-ci ildə ictimaiyyətə açıqlanan T90M kimi (onun Vaqner muzdlu qruplaşması tərəfindən istifadə edildiyi deyilir) yeni Rusiya tankları təhlükə yaradacaq. Hər halda, tank döyüşləri nadir hallarda baş verir - görünür, bu müharibədə ən güclü tank "qatili” artilleriya olacaq.

Real dəyərləndirmə

Bu, əlamətdar məqamdır. Ukraynanın yeni tanklarının əhəmiyyəti onların adekvat döyüş effektivliyində deyil. Daha doğrusu, "Leopard 2A4”, "Bradley” və "Marder” PDM-ləri ilə birlikdə Qərbin orta və uzunmüddətli perspektivdə, müharibənin əvvəlində silah tədarükünə bilərəkdən situativ yanaşmadan yeni hərbi texnikanı özündə birləşdirən daha mükəmməl döyüş planına keçməklə, Ukrayna ordusunda islahat aparmaq və yenidən silahlandırmaq öhdəliyini ifadə edir. 

Ukraynalılar 300 Qərb tankı və 500 piyada döyüş maşını, həmçinin ən azı 700 yeni artilleriya sistemi tələb ediblər. Onlar hesab edirlər ki, bu, işğal olunmuş torpaqları azad etmək üçün onlara döyüş gücü verəcək. İndi onları almaları üçün daha çox şans var. 

Növbəti bir-iki il ərzində müharibənin hansı formada getməsindən asılı olmayaraq, Ukrayna NATO standartlarına uyğun silah sistemləri ilə yenidən silahlanmalı olacaq. Bunlara "Leopard”ın və ya artan sayda NATO tanklarının daha yeni versiyaları daxil olacaq (lakin bununla məhdudlaşmayacaq). Bu, Ukraynada mövcud olan avadanlığın təkcə kəmiyyətini deyil, həm də keyfiyyətini təmin edəcək və onun NATO və digər Qərb logistika və xidmət sistemlərinə daha effektiv inteqrasiyasına imkan verəcək. Ukraynanın, ümumiyyətlə, siyasi üzv kimi NATO-ya üzv olmaq ehtimalı az olsa da, onun ordusu NATO ilə çox oxşar olacaq.

Bütün bunlara əlavə olaraq, bu yeni avadanlığın istifadəsi üzrə davamlı keyfiyyətli təlim əsas amillərdən biri olacaq. Ukraynanın nəinki bu il və gələn il getdikcə zəifləyən və itirən Rusiya ordusunu məğlub edə bilmə imkanı olacaq, həm də onun ordusu gələcəkdə yenidən silahlanmış, revanşist Rusiyanın istənilən növbəti hücumundan çəkindirici rol oynayacaq.

Bu, növbəti onillik ərzində Ukraynanın və deməli, Avropanın təhlükəsizliyini təmin edəcək.

 
Tərcümə: Nizami Bağırov
Qaynarinfo