Dünya 11:10 20.07.2022

ÜST: Avropa hərəkətə keçməsə, sonra daha sərt COVID tədbirləri görməli olacaq

Avropa ölkələri peyvənd qəbulunu sürətləndirməli və COVID-19 yoluxmalarının artması ilə mübarizə aparmaq üçün maska taxılmasını geri gətirməlidirlər.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yüksək rütbəli rəsmisi bildirib.

ÜST rəsmisi bildirib ki, bu tədbirlər Koronavirusun yeni növlərinin artımı ilə mübarizə aparmaq və ilin sonunda daha sərt tədbirlərdən qaçmaq üçün mütləqdir. 

ÜST-nin Avropa Regional Direktoru Hans Kluge Reuters agentliyinə verdiyi müsahibədə Omicron-un yeni variantı BA.5-in sürətlə yayılmağa davam etdiyi üçün payız və qış aylarında səhiyyə sistemlərinin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün ölkələri indi hərəkətə keçməyə çağırıb.

Kluge deyib ki, ötən həftə Avropada üç milyona yaxın yeni COVID-19 hadisəsi qeydə alınıb ki, bu da qlobal miqyasda bütün yeni yoluxmanın təxminən yarısını təşkil edib. Xəstəxanaya yerləşdirmə bu müddətdə iki dəfə artıb və hər həftə 3000-ə yaxın insan xəstəlikdən ölür.

"İnsanlar bəzən soruşurlar ki, virus qayıdıbmı? O heç vaxt getməmişdi. Hələ də var və yayılır. Mutasiyaya uğrayır. Təəssüf ki, hələ də çox sayda insan həyatını alır”,- o deyib. 

Nurlan Hüseynov