Dünya 11:53 04.10.2022

Ukrayna Luqansk sərhədini yardı: Putin generalları dəyişir – ISW

Son 48 saat ərzində Ukrayna qoşunları Liman bölgəsində və Xerson vilayətində əhəmiyyətli irəliləyiş əldə edib.

Bu barədə Qaynarinfo Müharibə Tədqiqatı İnstitutuna (ISW) istinadən xəbər verir.

"Geolokasiya görüntüləri təsdiqləyir ki, Ukrayna Silahlı Qüvvələri Limanın şərqində hücumlarını davam etdirir və ola bilsin, Kremennaya istiqamətində Luqansk vilayətinin sərhədini keçib”, - analitiklər qeyd ediblər.

ISW həmçinin göstərir ki, Ukrayna müdafiəçiləri Limanın şimalına, yəni Svatovodan qərbdə Xarkov və Luqansk vilayətlərinin sərhədində uğurla irəliləyir və Borovaya, Şeykovka, İzumskoye və Drujelyubovkanı azad ediblər.

Eyni zamanda, Müharibə Tədqiqatı İnstitutu Ukrayna hərbçilərinin oktyabrın 2-dən 3-dək olan müddətdə Xerson vilayətinin şimalında əldə etdiyi mühüm uğurlardan yazıb.

Xüsusilə, söhbət Mixaylovka, Qavrilovka və Novoaleksandrovka kimi yaşayış məntəqələrinin azad edilməsindən gedir.

"Ukraynanın Xerson vilayətindəki uğurları Rusiya Federasiyasının onsuz da zəif olan informasiya məkanını silkələyir. İşğalçılar getdikcə daha çox NATO kəşfiyyatını Rusiya müdafiəsinin zəif tərəflərini ifşa etməkdə ittiham edir və rus qoşunlarını şəhər döyüşlərinə hazırlaşmağa və yeni müdafiə mövqeləri yaratmağa çağırırlar", - mütəxəssislər vurğulayıblar.

Hesabatda əlavə olunur ki, hətta ən elit rus hərbi birləşmələri belə müharibə davam etdikcə daha da çox deqradasiyaya uğrayır. 

Analitiklər qeyd edirlər ki, Kremlin rəhbəri Vladimir Putin Xarkov vilayətində rus hərbçilərinin məğlubiyyətinin günahını üzərindən atmağa çalışır. O, Rusiya Federasiyasının Müdafiə Nazirliyində kadr dəyişikliklərindən istifadə üsuluna müraciət edir.

Bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsinə (QHD) yeni komandir - Aleksandr Juravlevin yerinə general-leytenant Roman Berdnikov təyin edilib.
"Son bir neçə ayda QHD bölmələri əsasən Xarkov vilayətinin şimal-şərqində fəaliyyət göstərib, lakin dəqiq müəyyən edilmiş komandir olmadan. Juravlev bir müddətdir ki, görünmür və iki həftə sonra Putin "qərb qüvvələri qrupu"nun iki komandirini əvəz edib", - ISW qeyd edir. 

Ekspertlər Putinin kadr dəyişikliyi etməklə Xarkov vilayəti və Limandakı itkilərə görə qəzəbi yeni simaya yönləndirməyə çalışdığı versiyasını irəli sürürlər.
"Bu həm də Mərkəzi Hərbi Dairə komandanı general-polkovnik Aleksandr Lapini Rusiyanın Limandakı son uğursuzluqlarına görə tənqiddən qorumaq cəhdi ola bilər”, - Müharibə Tədqiqatı İnstitutu bildirib.

Eyni zamanda, hesabatda əlavə edilib ki, Putin bu yolla Rusiyanın Xarkov və ola bilsin ki, Luqansk vilayətlərində gözlənilən itkilərinə görə günahı yeni təyin olunmuş Berdnikovun üzərinə atmağa cəhd edə bilər.

Nizami Bağırov