Dünya 09:52 17.08.2022

Ukraynada rus-Belarus dili və ədəbiyyatına savaş elan edildi – Rəsmi

Ukrayna hakimiyyəti rus dilini, rus ədəbiyyatını, həmçinin belarus müəlliflərinin əsərlərini məktəb proqramından çıxarıb. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Əvəzində təhsil proqramına "ədəbi prosesə uyğun və tələbələrin yaş xüsusiyyətləri nəzərə alınmaqla” başqa əcnəbi yazıçıların əsərləri əlavə edilib. Müəlliflər arasında amerikalı yazıçı O.Henri, fransız təmsilçi Jan de La Fonten və onun həmyerlisi Anna Qavalda, isveçli Olaf Stark, irland yazıçısı Con Boyn və başqaları var. Rus şairlərinin şeirləri Robert Börns, Heinrix Heine, Adam Miçkeviç, Pyer Ronsar, İoan Volfqanq fon Hötenin əsərləri ilə əvəz edilib.

Eyni zamanda, məktəb proqramında ancaq "həyatı və yaradıcılığı Ukrayna ilə sıx bağlı olan" rusdilli yazıçıların bir neçə əsəri qalıb, məsələn, Nikolay Qoqol, Vladimir Korolenko və Mixail Bulqakov. Lakin sonuncunun yalnız "İtin ürəyi” romanı müəllim və şagirdlərin seçimi ilə öyrəniləcək. 

Həmçinin, Ukrayna hakimiyyəti tarix kursunu yenidən nəzərdən keçirib. O, 2014-cü ildə Rusiya-Ukrayna münaqişəsi və onunla əlaqəli Krımın ilhaqı ilə bağlı blok əlavə edib, həmçinin "soyqırım əlamətləri” vurğulanmaqla 24 fevral 2022-ci il işğalı haqqında məlumatı əlavə edib. Dəyişikliklər sovet dövrünə də təsir edib: indi SSRİ "imperiya tipli hökumət” hesab olunur. Bundan əlavə, tədris proqramındakı anlayışların siyahısı yenilənib, o cümlədən siyahıya "rus dünyası” və "raşizm” əlavə edilib.

Təhlükəsizliyin əsasları üzrə kursa yanğın hazırlığı və ilk tibbi yardım haqqında məlumatlar daxil edilib, müharibə şəraitində xəbərdarlıq siqnalları, hava hücumu və atəş zamanı hərəkətlər haqqında məlumatlar əlavə edilib.

Coğrafiya proqramında, Rusiya ilə davam edən müharibə fonunda ölkələrin öyrənilməsinə ayrılan təhsil vaxtının miqdarı yenidən işlənib.

Nizami Bağırov