Ölkə 17:30 11.10.2022

Şuşanın sirri

Şuşa işğal ediləndə 14 yaşım var idi. O zaman "Şuşa getdisə, belimiz qırıldı”, "Şuşa yoxdursa, Qarabağ da yoxdur” kimi fikirlər səsləndirilirdi. 

Həmin vaxt Şuşanın strateji əhəmiyyətini dərk edir və anlayırdım ki, bu itki Azərbaycan üçün ağır zərbədir. Amma bu fikirlərdə təkcə Şuşanın strateji əhəmiyyətli bir ərazi kimi itkisi ehtiva olunmurdu. Bu işğal faktına yanaşma az qala bütövlükdə Azərbaycanın əldən getməsi təəssüratını yaradırdı...
30 ildən sonra Şuşa işğaldan azad edildi. Şuşaya qədər Azərbaycanın işğal altında olan 4 şəhəri, 3 qəsəbəsi və 215 kəndi işğaldan azad olunmuşdu. Hər şəhər, qəsəbə və kəndin işğladan azad edilməsi böyük sevinclə qarşılanırdı. Amma Şuşanın azadlığı bir başqa idi. Bu dəfə də Şuşa Azərbaycan şəklini almışdı. Sanki Azərbaycan yenidən müstəqilliyinə qovuşmuş, hətta deyərdim ki, bütövləşmişdi... 

44 yaşımın tamamına az qalmış Şuşanı görmək mənə də nəsib oldu. "Azərişıq” ASC-nin Füzuli, Hadrut və Şuşaya təşkil etdiyi səfər çərçivəsində bu mistik məkana ayaq basdım... 

Səfər "Azərişıq”ın gördüyü işlərlə tanışlıq məqsədi daşıyırdı. İlk dayanacağımız Füzuli oldu. Füzuli Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi ilə tanışlıq zamanı əslən bu rayondan olan həmkarım Xalid Kazımlı doğma yurdu barədə danışırdı. O, Füzuli haqqında danışdıqca erməni vandalizmi barədə daha aydın təsəvvürüm yaranırdı. Birdən soruşdum: "Şuşanı da bu günə qoymayıblar ki?” Cavabı bəlli olan bu sual bixitiyar verilmişdi. Mənə elə gəlirdi ki, Şuşada hər dağıdılan ev buranın sirrini özü ilə apara bilər...

Füzulidən sonra Hadruta yola düşdük. Hadrutda görülən işlərlə tanışlıqdan məlum oldu ki, "Azərişıq” qısa zaman kəsiyində buranı işıqlandırmağı hədəfləyib. 
Hadrutda olanda artıq səbrim tükənmişdi. Şuşanı görmək, orada daha çox vaxt keçirmək istəyirdim.

 Axı Şuşada məni təkcə "Azərişıq”ın gördüyü işlərlə tanışlıq yox, həm də özüm üçün qaranlıq olan nəsnələri aydınlaşdırmaq gözləyirdi...
Hadrutdan yola düşəndə "Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu "Üçün yarısında Şuşada olacağıq” dedi. Tez saata baxdım, saat 13.45-i göstərirdi. Mənimlə yanaşı əyləşən həmkarım Samir Əliyə dilxor halda dedim ki, 45 dəqiqə var hələ. Samir isə "45 dəqiqə çoxdur, tez çatacağıq, narahat olma” deyərək məni bir qədər sakitləşdirdi...

Nəhayət, Şuşaya çatdıq. Hər kəsin üzündə sevinc var idi. Hər kəs əslən Şuşadan olan həmkarımız Bəxtiyar Məmmədli kimi sevincli idi. Aramızda bundan əvvəl də Şuşaya səfər edənlər var idi. Buna baxmayaraq onlar da ilk dəfə Şuşanı görürmüş kimi sevinirdilər...
Naharda çox oturmadım. Bir-iki tikə atışdırdıqdan sonra Şuşanın küçələrini dolaşmağa getdim. 

Çölə çıxanda ofisantlardan birinin ləhcəsi diqqətimi çəkdi. Qarabağ ləhcəsi deyildi. Yaxınlaşıb yerli olub-olmadığını soruşdum. Məlum oldu ki, deyil. Öz istəyi ilə Şuşada işləməyə gəlib.

-Burada işləyəndə çox maaş verirlər?

-Yox, elə də çox deyil. Maaşa görə gəlməmişəm ki...

-Bəs niyə gəlmisən?

-Şuşadır da, qardaş. Şuşada işləmək üçün.

"Şuşa sənin üçün nədir, niyə məhz burada işləmək istədin?” deyə sual etdim. Cavabı "Bilmirəm, amma burada işləmək istəyirəm, burada adam rahat olur” oldu.
Ofisiant düz deyirdi. Şuşada adam rahat olur. Sanki Şuşada insana rahatlıq verən mistik abu-hava var. Mənə elə gəlir ki, bu heç də Şuşanın əsrarəngiz gözəlliyi ilə əlaqəli deyil. Ona qalsa, Azərbaycanın təbii gözəlliyi ilə seçilən başqa bölgələri də var. 

Şuşanı dolaşarkən, oradakı insanlarla - əksəriyyəti yerli deyildi - söhbət edərkən aydın oldu ki, onların şüurundakı Şuşa heç də təbii gözəlliyi olan bir məkan formasında deyil. Onların Şuşa barədə fikirlərində əsasən Vaqifin məqbərəsi, Gövhər Ağa məscidi, Xan qızı Natəvanın şeirləri, Mehmandarovun evi qırmızı xətlə keçirdi... İnsanların dilindən Şuşanın təbii gözəlliyinə aid bircə söz belə, çıxmırdı. Məlum olurdu ki, Azərbaycan insanının şüurunda Şuşanın mənəvi dəyəri onun təbii gözəlliyini üstələyib. Bu 30 il əvvəl də belə olub, indi də belədir. Şuşanın Azərbaycan şəkli alması da onun mənəvi dəyəri ilə bağlıdır. Şuşadakı rahatlığın kökündə də bu dayanır. Ermənilər Şuşanı işğal edəndə rahatlığımızı, mənəvi gücümüzü əlimizdən almışdılar. Şuşanın işğalı zamanı "belimiz qırıldı” fəryadının səbəbi də bu idi. Bütün bunları Şuşada olarkən, küçələrini dolaşarkən, ora gələn, orada işləyən insanlarla söhbət edərkən daha aydın şəkildə başa düşürsən... 
 
Başa düşürsən ki, Şuşa mənəvi dəyər kimi Azərbaycan insanının şüuruna hopub, başa düşürsən ki, Şuşa elə Azərbaycandır, Şuşa azərbaycanlılarındır !

Vidadi Məmmədov