Siyasət 12:19 24.11.2022

Vardanyanın Moskva səfəri: Kreml Qarabağda hansı oyunu oynayır?

Erməni milyarder, qondarma rejimin "dövlət naziri” Ruben Vardanyan bu gün Moskvaya səfər edəcək.
 
Qeyd edək ki, dünən qondarma rejimin rəhbəri Araik Aruntyunyan 9 "nazir”i tutduqları vəzifələrdən azad edilməsi ilə bağlı "qərar” imzalayıb. Güc qurumları rəhbərləri istisna olmaqla, bütün "nazirlər" işdən çıxarılıb.

Qondarma rejimdə hesab edirlər ki, proseslər sürətlə inkişaf edir, azərbaycanlılar görünməmiş fəallıq nümayiş etdirirlər və onlara artan çağırışlara tab gətirə biləcək qüvvələrə, yeni idarəetmə modelinə ehtiyac var. İstisna deyil ki, bu fonda Vardanyanın Moskvaya getməsi məhz  boşalan "nazir” vəzifələrinə kimlərin gətirilməsilə bağlıdır. Güman ki, Vardanyan Moskvaya həmin adların razılaşdırılması üçün gedir. Gözləniləndir ki, "yeni nazirlər” postlarına oturduqdan sonra Vardanyan qondarma rejimdə daha yüksək posta sahib olacaq...

Politoloq Qabil Hüseynli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Vardanyanın Moskva səfəri ona veriləcək növbəti təlimatlarla bağlıdır:



"Bunlar regionda gərginlik yaratmağa hesablanmış təlimatlar olacaq. Kreml yenə də ikili-üçlü oyun oynayır. Rusiya bir tərəfdən sülhyaratma prosesində vasitəçi funksiyasını həyata keçirir. O biri tərəfdən də separatçılıq hərəkətlərini dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyünə qarşı müəyyən işlərə rəvac verir. 

Bir sözlə, Rusiya bölgəmizdə təhlükəli oyunlara start verib. Keçən əsrin 88-89-cu illərində Kreml bölgəmizdə hansı rolu oynayırdısa, indi də  həmin missiyanı üzrəinə götürüb. Azərbaycan bu  təhlükənin qarşısını almaq üçün tədbirlər görməlidir”.

Rüfət Sultan