EN

Qədim sənətin müasir məkanı –Xalça Muzeyi

Azərbaycan Milli Xalça Muzeyinin yeni binada fəaliyyətinin 10 illiyi münasibətilə “Qədim sənətin müasir məkanı” adlı tədbir keçirilib. Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən toplantıda tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət təmsilçiləri iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova çıxış edərək, rəhbəri olduğu qurumun ötən müddət ərzində gördüyü işlər, həyata keçirdiyi layihələr barədə məlumat verdi. O bildirdi ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Xalça Muzeyinin binası  bu gün Bakının ən cazibəli simvollarından birinə çevrilib. Sonra Əminə Məlikova Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin mədəni irsinin inkişafı və qorunmasında göstərdiyi xidmətlər barədə çıxış etdi. 

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov Xalça Muzeyinin fəaliyyətindən danışdı, atılan addımları yüksək qiymətləndirdi. Qeyd olundu ki, Xalça Muzeyinin yaradılması layihəsi Azərbaycanda xalça sənətinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması məqsədilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilib. 2014-cü il avqutsun 26-da  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılan xalça formalı unikal binada fəaliyyət göstərən bu muzey hazırda ölkəmizdə ən çox ziyarət olunan mədəniyyət ocaqlarından biridir.

Nazirlik rəsmisi Azərbaycan xalqının milli mədəniyyətinin daşıyıcısı olan xalça və xalq tətbiqi sənəti nümunələrinin qorunması və təbliğindəki xidmətlərinə görə muzeyin kollektivinə Mədəniyyət Nazirliyinin fəxri fərmanını təqdim etdi.

Ardınca qonaqlar “Xalça mənim üçün...” adlı videoçarxa baxdılar. 

Azərbaycan Milli Xalça Muzeyinin avstriyalı memarı Frans Yans binanın ərsəyə gəlməsindən bəhs edərək, təcrübə və təəssüratlarını bölüşdü.

Türkiyəli xalça kolleksiyaçısı Hüseyn Konukçu şəxsi kolleksiyasından olan “Paşalı” kiliminin doğma vətəninə qayıdaraq dünyanın ilk Xalça Muzeyinin bir hissəsinə çevrilməsindən qürur duyduğunu bildirdi. “Şıxlı” və “Bəhmənli” xalçalarını muzeyə təqdim edən italiyalı kolleksiyaçı Mirko Kattai də videomüraciət vasitəsilə eyni təəssüratları bölüşdü. 

Tədbir çərçivəsində yubiley ilində öz tarixi vətəninə qaytarılan, muzeyin kolleksiyasını daha da zənginləşdirən XIX–XX əsrin əvvəllərinə aid Şirvanın “Paşalı” kilimi, Qazaxın “Şıxlı”, Qarabağın “Açma-yumma” və “Bəhmənli” xalçaları ilk dəfə nümayiş etdirildi. Bu milli irs nümunələri müxtəlif ölkələrdən olan kolleksiyaçılar – Mətin və Hüseyin Konukçular (Türkiyə), Mirko Kattai (İtaliya) və Hocat Abasi (Almaniya) tərəfindən muzeyə təqdim olunub.

Mərasim tanınmış cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyabın “Caz naxışı” konsert proqramı ilə davam etdi. 

Ceyhun ALIŞLI
XQ

Chosen
49
1
xalqqazeti.az

6Sources