EN

Azərbaycandan olan peşəkar mediatorlar Almatıda keçirilən Beynəlxalq Mediasiya Yay Məktəbində iştirak ediblər

Azərbaycandan olan peşəkar mediatorlar Almatıda keçirilən Beynəlxalq Mediasiya Yay Məktəbində iştirak ediblər

Mərkəzi Asiya Mediatorları Mərkəzi Asiya Konsorsiumu “Beynəlxalq İnsan Hüquqları Mərkəzi” Respublika İctimai Birliyi (RİT) ilə birlikdə avqustun 25-dən 29-dək Almatıda Beynəlxalq Mediasiya Yay Məktəbi çərçivəsində kompleks proqramı həyata keçirir. Proqrama maarifləndirici təlimlər, praktiki məşğələlər, Qazaxıstanın bir çox bölgələrinə ekskursiyalar daxildir.

AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, proqramın ilk günü çox səmərəli keçib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyədən olan peşəkar mediatorlar və Gürcüstan, ABŞ, Almaniyadan dəvət olunmuş ekspertlər emosiyaların psixologiyası, eləcə də müasir mediasiya institutunun Özbəkistan Respublikasının məhkəmə icraatında tətbiqi tendensiyaları ilə tanış olublar. Natiqlər əldə edilmiş bilik və bacarıqların əhəmiyyətini yüksək qiymətləndiriblər.

“Ötən il biz Qırğızıstanda, İssık-Kulda ilk yay məktəbini keçirdik. Sonra Türkiyə və Azərbaycan bizə qoşuldu. Bu il biz Almatıda bütün mediatorların iştirakı ilə Yay Məktəbi keçiririk. Məqsədimiz bilik əldə etmək, türkdilli ölkələr və Mərkəzi Asiya mediatorları arasında təcrübə mübadiləsi aparmaqdır. Biz bundan sonra da əməkdaşlıq etməyi planlaşdırırıq”, - deyə Mərkəzi Asiya və türkdilli ölkələrin mediatorlar Konsorsiumunun sədri Jandilda Jakupov bildirib.

Beynəlxalq təlimçi və konflikt-kouç Yuliya Jiqulina-Fal Almaniyada mediatorların iş təcrübəsini belə izah edib: “Mənim əsas vəzifəm insanların ünsiyyət yolu ilə razılığa gəlmələrinə kömək etməkdir. Mediatorların kütləvi və ya qrup münaqişələrini həll edə bilməsi üçün mən “Qrup daxilində münaqişələri necə həll etmək olar” təlimi keçirməyə gəlmişəm”, - deyə Yuliya Jiqulina-Fal əlavə edib.

Azərbaycanda mediasiya institutu 2020-ci ildə “Mediasiya haqqında” Qanunun qəbulu ilə münaqişələrin məhkəmə yolu ilə həlli metoduna alternativ olaraq inkişaf etməyə başlayıb.

Mənbə: AZƏRTAC

Chosen
59
1
ilk.az

2Sources