ADA Universitetində beynəlxalq forum: Prezident İlham Əliyev qlobal gündəmi dəyərləndirdi
9 aprel 2025-ci il tarixində ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və birbaşa sual-cavab formatında çıxışı tədbirə xüsusi önəm qazandırıb. Dövlət başçısı çıxışında regional təhlükəsizlik, beynəlxalq münasibətlər, geosiyasi balans və Azərbaycanın mövqeyini əhatəli şəkildə şərh edib. Müxtəlif ölkələrdən olan ekspert və nümayəndələrlə keçirilən bu açıq dialoq, Azərbaycanın qlobal proseslərdə artan rolunu bir daha nümayiş etdirdi.
Mövzu ilə bağlı baxış bucağını öyrənmək üçün siyasiTuran Rzayev Referans -a açıqlamasında “Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışı ölkəmizin regional, geosiyasi və milli maraqlar baxımından hadisələrə yanaşmasını ortaya qoydu. Xüsusilə Türkiyə-İsrail münasibətlərinə dair fikirləri diqqət çəkirdi. İsrail regionda müxtəlif qruplara qarşı genişlənmə siyasəti yürüdür, Türkiyə isə Suriya hökuməti ilə sıx münasibətlərə malikdir və bu ölkədə hərbi baza qurmağı planlaşdırır. Azərbaycan isə balanslı siyasət apararaq həm Türkiyə ilə müttəfiqliyini, həm də İsraillə strateji tərəfdaşlığını qoruyur. Bu baxımdan, Azərbaycanda hər iki ölkənin nümayəndələrinin görüşü əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Prezidentin bu istiqamətdə vasitəçilik rolu aydın görünür.

Turan Rzayev hesab edir ki, digər mühüm mövzu Rusiya-Ukrayna müharibəsi idi. Prezident gələcək atəşkəsin effektivliyini sual altına aldı və bunun uzunmüddətli sülhə zəmanət verəcəyinə şübhə ilə yanaşdı. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki təcrübəsinə əsaslanaraq qeyd etdi ki, atəşkəslər çox zaman pozulur və problemin tam həllinə gətirmir.
"Bu baxımdan, münaqişələrin dayanıqlı həlli yollarına ehtiyac olduğu vurğulandı. Təbii ki, tədbirdə birdən çox məsələ müzakirə edildi, hər biri də lazımlı idi. Amma mənə görə bu iki məsələ daha maraqlıdır" , - deyə siyasi şərhçi qeyd edib.
Gülgəz Qədirova
Referans