Xəbər verdiyimiz kimi, Naxçıvanda xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun komandiri və tibb xidmət rəisi 4 ilə kimi azadlıqdan məhrum ediliblər. Onlar əsgərin ölümü ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.
Hadisədən dərhal sonra Baş Prokurorluq Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) maddəsi ilə cinayət işinin başlanıldığı ilə bağlı məlumat yaymışdı. Hadisənin necə və hansı şəraitdə törədildiyi isə məlum deyildi.
Publika.az xəbər verir ki, “Qafqazinfo”nun istintaq materiallarından əldə etdiyi məlumata görə, tibbi ekspertlərin rəyində Ceyhunun özünü xidməti silahı ilə öldürdüyü yazılıb. Bununla bağlı yekun rəy də məhkəməyə təqdim edilib. Tibbi sənəddə qeyd olunur ki, əsgər səhər saat 05:30 radələrində baş nahiyəsinə avtomat silahla atəş açıb, aldığı xəsarətlərdən həyatını itirib.

Mərhum əsgərin mühakimə edilən komandiri, polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyev məhkəmədə özlərini təqsirli bilməyiblər. Komandir əsgərin özünü öldürməsinə də şübhə ilə yanaşıb, onun düşmən tərəfindən vurula biləcəyini deyib.