EN

"Tram gələcəyin silahı olan "Qızıl Günbəz"i təqdim edib" - "Deutsche Welle"

"ABŞ-ın raket qalxanı təşəbbüsü Pekini narahat edir, Moskva isə sakitdir..."
 
ABŞ prezidenti Donald Trampın 175 milyard dollarlıq yeni raketdən müdafiə sistemi planı beynəlxalq reaksiyalara səbəb olub: Çin bu layihəni kosmosun hərbiləşdirilməsi kimi qiymətləndirir, Rusiya isə prosesi sakit qarşılayır.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
ABŞ prezidenti Donald Tramp "Qızıl Günbəz" ("Golden Dome") adlı yeni raketdən müdafiə sistemini təqdim edib. O, bildirib ki, bu çoxmilyardlıq layihə ABŞ-ı istənilən xarici raket hücumundan qoruya biləcək və 2029-cu ildə prezidentlik müddəti başa çatmadan tamamlanacaq.
 
"Biz bunu üç ilə reallaşdıracağıq" deyən Tramp layihənin yaxın illərdə başa çatacağını vurğulayıb. Onun sözlərinə görə, sistem raketləri Yer kürəsinin istənilən nöqtəsindən havaya buraxılsa belə, onları havada məhv edə biləcək.
 
Layihənin rəhbərliyinə ABŞ Kosmik Qüvvələrinin rəhbər müavini, general Maykl A. Qetlаyn təyin olunub. Trampın dediyinə görə, layihənin dəyəri təqribən 175 milyard dollar olacaq və bu məbləğin 25 milyardı vergi optimallaşdırılması və xərclərin azaldılması hesabına qarşılanacaq.
 
Tanınmış hərbi və texnoloji şirkətlər, o cümlədən İlon Maskın "SpaceX"-i bu layihəyə qoşulmaq uğrunda artıq mübarizə aparır. Onlar ABŞ müdafiə naziri Pit Heqsetə belə birbaşa müraciət edib. Bununla belə, mütəxəssislər layihənin vaxtı, xərcləri və ümumiyyətlə, texniki mümkünlüyü ilə bağlı skeptik mövqe sərgiləyir.
 
Yeni sistemin adı İsraillə birgə hazırlanmış "Dəmir Günbəz"dən ("Iron Dome") ilhamlanaraq seçilib. Lakin fərq ondadır ki, "Dəmir Günbəz" kiçik və ya orta ölçülü şəhərləri qoruya bilirsə, Trampın planlaşdırdığı sistem ABŞ kimi nəhəng ərazini əhatə etməlidir, bu isə yüzlərlə batareya tələb edir. Tramp qeyd edib ki, Kanada da bu layihəyə maraq göstərib. Kanada baş nazirinin ofisi bu marağı təsdiqləyib.
 
Çindən sərt reaksiya
 
Çin XİN sözçüsü Mao Nin bildirib ki, ABŞ-ın bu təşəbbüsü 1967-ci il Kosmos Müqaviləsində təsbit olunan kosmosdan dinc məqsədlərlə istifadə prinsipini pozur və qlobal strateji sabitliyi təhlükə altına atır:
 
"ABŞ "Amerika hər şeydən öncə" siyasətini davam etdirərək öz təhlükəsizliyini təmin etməyə çalışır, başqalarının təhlükəsizliyi isə nəzərə alınmır. Bu isə qlobal balansı pozur".
 
Pekin Vaşinqtonu bu təşəbbüsdən imtina etməyə və böyük dövlətlər arasında strateji qarşılıqlı etimadı gücləndirmək üçün konkret addımlar atmağa çağırıb.
 
Rusiyadan ehtiyatlı mövqe
 
Rusiya isə ABŞ-ın bu addımını onun suveren hüququ kimi qiymətləndirir. Kreml sözçüsü Dmitri Peskov bildirib ki, hər bir ölkə, əgər imkanı varsa, öz təhlükəsizliyi üçün müdafiə sistemləri qurur:
 
"ABŞ bu sahədə təhlükə görürsə, əlbəttə ki, belə sistemlər hazırlayacaq. Bu, təbii haldır. Amma biz layihənin detalları olmadan nəticə çıxarmırıq".
 
Peskov əlavə edib ki, bu mövzuda strateji sabitliklə bağlı danışıqların bərpası vacibdir, çünki hazırda bu sahədəki müqavilə-hüquq bazası demək olar ki, dağılmış vəziyyətdədir.
Chosen
159
50
moderator.az

10Sources