EN

Gürcüstanın baş naziri Makronu və Mertsi ittiham etdi

BAKI, 28 may. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa liderlərinin davranışını qınayıb.

Teleqraf xəbər verir ki, o, xüsusən də Fransa prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və Almaniya kansleri Fridrix Mertsin birgə bəyanat hazırlayarkən etiket qaydalarına riayət etmədiklərini bildirib.

İ.Kobaxidze deyib:"Əvvəla, mayın 26-da bu tip bəyanatlar verməmək ədəb məsələsidir. Mayın 26-sı bayramdır və bayram günlərində bayram məktubları göndərmək, bayram bəyanatları vermək adətdir. Onlar hətta protokola, etiketə də əməl etmirlər və aydındır ki, əslində obyektiv maraqlara uyğun hərəkət etmirlər".

Gürcüstanın Baş nazirinin sözlərinə görə, Avropa liderlərinin rəsmi birgə bəyanatı ilə Emmanuel Makronun mayın 16-da Albaniyada keçirilən Avropa Siyasi Birliyinin sammitində şəxsən ona dediyi sözlər arasında uyğunsuzluq var.

Xatırladaq ki, mayın 26-da üç Avropa dövlətinin lideri Müstəqillik Günü münasibətilə gürcü xalqına təbrik ünvanlayıblar. Onlar rəsmi müraciətlərində Gürcüstan hakimiyyətinin siyasətini tənqid edərək, onları vətəndaş cəmiyyəti institutlarına, mediaya və siyasi müxalifətə təzyiq göstərməkdə ittiham ediblər. Makron, Mets və Tusk Tbilisini "Avropa standartlarına uyğun gəlməyən" qanunvericilik təşəbbüslərinə yenidən baxmağa çağırıblar.

Bəyanatda deyilir: "Bu istəklər Avropa ailəsinin bir hissəsi olmaq istəyini əks etdirir. Ona görə də biz Gürcüstan hakimiyyətinin demokratiyadan geri çəkilməyə aparan bütün hərəkətlərini, vətəndaş cəmiyyətinə, mediaya və hökumətin tənqidçilərinə hücumlarını pisləyirik", - bəyanatda deyilir.

Belə ki, Avropa liderləri Gürcüstan hakimiyyəti qarşısında bir sıra tələblər irəli sürüblər. Bu sırada söz və dinc toplaşma azadlığına təminat, həddən artıq gücdən istifadə ilə bağlı bütün faktların hərtərəfli araşdırılması, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, eləcə də sistem islahatlarının bərpası və müxalifət qüvvələri və QHT-lərlə konstruktiv qarşılıqlı fəaliyyət də var.

Chosen
285
50
teleqraf.com

10Sources